Ərdoğan Münbiçdəki terrorçulara xərəbdarlıq etdi

“ABŞ bizə verdiyi sözə əməl etməzsə, öz göbəyimizi özümüz kəsəcəyik”.

Azunion.org xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının  parlament fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

“Bizim üçün ölkəmizdəki terrorçuların təhdidi nədirsə, Suriyadakı terrorçuların da hədəsi eynidir. Təhlükəsizliyimizi saxlamaq üçün yeganə yol Suriyada terror qruplaşmalarının mənbəyini qurutmaqdır. Fərat çayının şərqi və Münbiç gündəliyimizdədir. ABŞ-ın verdiyi vədi yerinə yetirməsini gözləyirik. Münbiç ortada qaldıqca rejimin (Bəşşar Əsədi nəzərdə tutur – red.) iştahası artır. Siyasi və diplomatik mübarizə ilə yanaşı, bir sıra hərbi hazırlıqlarımızı da davam etdiririk. ABŞ prezidenti Donald Trampla bu istiqamətdə apardığımız müzakirələr çox məhsuldardır. Ancaq eyni fikri aşağı səviyyədə apardığımız danışqlar barədə deyə bilmirik. Biz razılaşmalara sadiqik. Ancaq səbrimiz də sərhədsiz deyil. Münbiçdəki terrorçular bir neçə həftəyə oradan çıxarılmazsa, möhlətimiz başa çatacaq. Öz planlarımızı həyata keçirəcəyik. Suriya ilə bağlı siyasətimiz də götürdüyümüz öhdəliklərə əməl edəcəyik. Bölgədəki tayfalar bizdən “nə vaxt gəlirsiniz” deyə soruşurlar”, – o vurğulayıb.

Qeyd edək ki, terrorçu PKK/YPG-PYD qruplaşması ABŞ-ın dəstəyi ilə Münbiçi işğal edib.