ABŞ səfiri Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin görüşündən danışdı

Tərəflər konstruktiv və substantiv danışıqlar üçün bir araya gələndə biz bundan həmişə çox şad oluruq.

Trend-in məlumatına görə, bunu ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin görüşünə münasibət bildirərkən deyib.

Səfir bildirib: “Ümid edirəm ki, danışıqlardan dərhal sonra bizim verdiyimiz bəyanatı da görmüsünüz. Bir daha deyirəm ki, danışıqların davam etdirilməsinə ümid edirik”.

Yanvarın 28-30-da Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüş ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa səfər edərək, orada qondarma qurumun “lideri” Bako Saakyanla bir araya gəlib, erməni əsgərlərinə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.

Qeyd edək ki, 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində – Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.