“ADR – 100” poçt bloku beynəlxalq sərginin qran-prisini alıb

25 may 2018-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərmarka” MMC tərəfindən dövriyyəyə buraxılmış “Azərbaycan Demokratik Respublikası – 100 il” adlı poçt bloku Vyana beynəlxalq filateliya sərgisinin (Wiener Internationale Postwertzeichen-Ausstellung – WIPA) ilk onluğuna daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, sözügedən poçt blokunun üzərində xüsusi gümüşü örtüklə Azərbaycan Respublikasının xəritəsi əks olunub. Markanın perforasiya xətti isə Azərbaycan Demokratik Respublikasının dövlət sərhədlərini göstərir. Poçt blokunun üzərində “1918 – 2018. Azərbaycan Demokratik Respublikası – 100 il” və “1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Heydər Əliyev” sözləri yazılıb.

Bir markadan ibarət poçt blokunun ölçüsü 90×100 millimetrdir. “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış blok Fransanın “Cartor Security Printing CSP” mətbəəsində 5000 ədəd tirajla çap edilib.

Qeyd edək ki, “WIPA” beynəlmiləl filateliya sərgisi 1881-ci ildən qeyri-müntəzəm olaraq Avstriyanın paytaxtı Vyana şəhərində keçirilir. Burada dünyanın ən gözəl poçt markası seçilir. “ADR-100” adlı poçt bloku 50 ölkə arasında 10-cu yerə layiq görülüb.