Almaniyada terrorçu PKK-nın iki şirkəti bağlandı

Almaniyada terrorçu PKK qruplaşmasına məxsus olan iki şirkət bağlanıb.

Azunion.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumatı Almaniyanın ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, Almaniyanın daxili işlər naziri Horst Sihoferin təlimatı əsasında terrorçu PKK qruplaşması ilə əlaqəsi olan “Mezopotamya Yayın evi” və “MİR Multimedia” şirkətinin fəaliyyəti qadağan edilib.

Fevralın 12-də səhər saatlarında Şimali Ren Vestfal və Aşağı Saksoniya əyalətlərində şirkətə aid bəzi yerlədə axtarış-əməliyyat tədbirləri keçirilib, bir çox material müsadirə olunub. H.Sihofer PKK-nın Almaniyada qadağan edilmiş terror qruplaşması olmasına baxmayaraq, ölkədə fəal olduğunu vurğulayıb. O bildirib ki, qruplaşmanın hüquqi müstəvidə fəaliyyətinin qadağan olunması vacibdir.

Bağlanan “Mezopotamya yayın evi” və “MİR Multimedia” şirkətləri Almaniyada fəaliyyət göstərərək, terrorçu PKK-nı təbliğ ediblər. Onlar satdıqları mallardan əldə etdikləri gəlirlə bu terrorçu qruplaşmanın maliyyələşməsinə yardım göstəriblər. Adıçəkilən şirkətlər “terrorçu qruplaşmaların təşkilatlanmasına yardım” etdikləri, “xalqlararası barışa qarşı fəaliyyət göstərdikləri” üçün bağlanıb.

1993-cü ildə terrorçu PKK qruplaşmasının Almaniyada fəaliyyəti qadağan edilib. 2018-ci ildə isə qəbul olunan yeni qanuna görə onun fəaliyyəti ilə bağlı məhdudiyyət genişləndirilib. ABŞ və Avropa İttifaqı bu qruplaşmanı terrorçu təşkilatlar siyahısına daxil edib.