Ankaradan 157 Azərbaycan vətəndaşı vətənə qaytarılıb – AZAL

Azərbaycanın Milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyə ərazisindən Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 17-də Bakı-Ankara-Bakı istiqaməti üzrə çarter reysi yerinə yetirib.

“Azərbaycan Hava Yolları” QSC-dən Trend-ə verilən məlumata görə, bu reys ilə 157 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılıb.

Xatırladaq ki, bu artıq Türkiyədən yerinə yetirilən üçüncü çarter reysidir – daha əvvəl 15 və 16 mart tarixlərində İstanbuldan Bakıya 711 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.

Qeyd edək ki, vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları hal-hazırda olduqları yer üzrə səfirliklər və ya konsulluqlara müraciət etməlidirlər.