AŞ PA Azərbaycanda gedən demokratik proseslərə kölgə salmaq istəyir – Politoloq

Uzun müddətdir ki, AŞ PA Azərbaycan haqqında absurd bəyanatlar səsləndirir, əsassız ittihamlarla çıxış edir, eyni zamanda ölkəmizə qarşı ikili standartlar mexanizmini tez-tez işə salır.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə əsasən, elə bu səbəbdəndir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul edən Prezident İlham Əliyev də haqlı olaraq artıq bu təşkilata olan ümidlərimizin çoxdan sarsıldığını söylədi:

“Bəli, cənab Prezidentin də səsləndirdiyi kimi Avropa Şurası Parlament Assambleyasının “Azərbaycanda siyasi məhbuslar” adlı qərəzli qətnaməni və AŞ Nazirlər Komitəsinə tövsiyəni səs çoxluğu ilə qəbul etməsinin kökündə qurumda ermənipərəst deputatların üstünlük təşkil etməsi və AŞ PA-nın bu dəfə də Azərbaycana qarşı qərəzli olduğu bizdə şübhə doğurmadı.

Hətta inkişaf etmiş ölkələrdə də siyasi gərginlik, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, kütləvi etiraz aksiyalarının baş verməsinə baxmayaraq, Azərbaycanda bu gün inkişaf, sabitlik hökm sürür, demokratik dəyərlərə mütənasib olaraq müsbət dəyişikliklər baş verir. Bütün bunları gözü götürməyən qüvvələr də elə insan hüquqları, demokratiya və siyasi məhbuslar kimi alətlərdən istifadə edərək ölkədə gedən demokratik proseslərə və təqdirəlayiq dəyişikliklərə kölgə salmaq istəyirlər”.

Politoloq AŞ PA-nın Azərbaycana və Ermənistana fərqli münasibət göstərməsini də vurğulayıb: “Gəlin Azərbaycana qarşı ikili standartlar və məkrli siyasət yürüdən AŞ PA-nın Azərbaycana və Ermənistana fərqli münasibət bəsləməsi fonunda bu iki ölkəni sadəcə bircə cəhətdən müqayisə edək. Bu gün Ermənistanın keçmiş prezidentləri indiki iqtidarın fəaliyyətini tənqid etməsi nəticəsində həbsə atılırlarsa, demokratik dəyərlərə ən ali səviyyədə xidmət edən Azərbaycanda eks-prezidentlərə qarşı bu qədər nifrət və zalım münasibət yoxdur. Hətta ən yüksək insani dəyərlər çərçivəsində eks-prezidentlərin özlərinə və ailə üzvlərinə hörmət, diqqət və qayğı mövcuddur.

Başqa bir fakt: bu gün Ermənistanda olan mövcud iqtidara alternativ olmaq istəyən siyasi təşkilatlar daim təzyiq altındadır. Azərbaycanda isə hər sahədə demokratik cəmiyyətin mövcudluğunun şahidi oluruq. Elə bunun məntiqi izahıdır ki, ölkəmizdə 9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərinə müxtəlif siyasi partiyalar fəal şəkildə qatılıb, öz namizədlərini irəli sürüblər. Heç bir təzyiq altında qalmadan bütün partiyalar və namizədləri fəal şəkildə təbliğat-təşviqat kampaniyalarını aparır, eyni zamanda onlar üçün yaradılmış demokratik və ədalətli şəraitdən razılıqlarını ifadə edirlər. Çünki növbədənkənar parlament seçkilərində də hər bir namizədə bərabər hüquq və imkanlar yaradılıb”.

Politoloq əlavə edib ki, rəsmi Bakını daim hədəf seçən AŞ PA guya Azərbaycanda jurnalistlərə, mətbuat işçilərinə təzyiq mövcuddur, hətta guya mövcud hakimiyyət jurnalistləri evlə təmin etməklə, onları ələ alır və mətbuatı idarə edir kimi absurd fikirlər səsləndirirlər:

“Bəs o zaman AŞ PA nəyə görə Ermənistanda mətbuat sahəsində buraxılan ciddi nöqsanları dilə gətirmək, onlar barəsində ölçü götürmək əvəzinə daim səssiz qalır? Elə bu barədə də bircə faktı demək kifayətdir. “Erməni qartalları: “Vahid Ermənistan” Partiyasının sədr müavini və “Haynews.am” saytının koordinatoru Mqer Yegizaryan 2019-cu il yanvarın 26-da İrəvanda “Nubaraşen” həbsxanasındakı kamerada iki aylıq aclıq aksiyasından sonra ölüb. Bəs Avropa Şurası və AŞ PA buna niyə reaksiya verməyib? Məgər aclıq aksiyası və bunun nəticəsində ölüm hadisəsi susula biləcək işdir?

Bu gün nəinki Ermənistan iqtidarı ilə xalq arasında uçurum, eyni zamanda ölkənin rəsmi şəxslərinin bu və ya digər məsələ barədə fikir ayrılıqlarının şahidi oluruqsa, Azərbaycanda bunun tam əksinə tendensiya müşahidə olunur. Bu gün xalq ölkə başçısı cənab Prezident İlham Əliyevə inanır və onun yürütdüyü siyasəti birmənalı olaraq dəstəkləyir. Azərbaycanda gözlə görünən dərəcədə xalq-iqtidar birliyi mövcuddur. Lakin AŞ PA bütün bu müsbət halları nədənsə görə bilmir”.