ATƏT missiyası və MSK parlament seçkilərilə bağlı vəziyyəti müzakirə edib

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri avqustun 12-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüş zamanı M.Pənahov rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əlaqələrinə hər zaman önəm verdiyini, seçki sisteminin hazırkı inkişaf səviyyəsinə çatmasında və əldə olunan nailiyyətlərdə bu münasibətlərin əhəmiyyətli rol oynadığını, gələcəkdə də seçkilər sahəsində qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.

ATƏT/DTİHB-nin MSK ilə səmərəli əməkdaşlığının uzunmüddətli tarixi olduğunu vurğulayan qonaqlar səmimi qəbula görə təşəkkürlərini bildirərək, Milli Məclisə seçkilərlə bağlı görüləcək işlərlə maraqlanıblar. Missiya üzvlərinin suallarını cavablandıran MSK sədri M.Pənahov seçkilərə hazırlıq istiqamətində görülmüş işlər, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün atılacaq addımlar və nəzərdə tutulan layihələri diqqətə çatdırıb.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.