Azərbaycan ATƏT PA-nın dəstəyi ilə keçirilən beynəlxalq konfransda təmsil olunacaq

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti və Büro üzvü Azay Quliyev, deputatlar Asim Mollazadə və Sevinc Fətəliyeva ATƏT PA-nın dəstəyi ilə keçirilən “Parlament nəzarəti: Məsuliyyətə cəlb etmə qüvvəsi” adlı konfransda iştirak etmək üçün iyunun 5-də Gürcüstanın paytaxtı Tbilisiyə səfərə yola düşəcəklər.

Trend-in məlumatına görə, tədbirin təşkilatçıları ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Gürcüstan Parlamenti və Milli Demokratiya İnstitutudur. Konfransda “Parlament nəzarətində plenar və komitə iclaslarının rolu” mövzusunda I sessiyaya ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev moderatorluq edəcək.

Digər sessiyalarda “Təhlükəsizlik sektoruna nəzarət və maliyyə nəzarəti”, “Parlament nəzarəti və müxalifətin rolu”, “Parlamentin xarici fəaliyyəti və nəzarətin həyata keçirilməsində ictimaiyyətin rolu”, “Parlament nəzarəti prosesində insan hüquqlarının təminatı” mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

Deputatlarımız müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.