Azərbaycan diasporu yeni reallıqlardan irəli gələn qlobal dəyişikliklərə hazır olmalıdır

Azərbaycan diasporasının təsir qüvvəsi və doğma Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın rifahı, Ümumdünya Azərbaycan diasporasının sosial-iqtisadi reallıqlardan irəli gələn qlobal hərbi-siyasi və maliyyə-iqtisadi dəyişikliklərə nə dərəcədə hazır olmalarından asılı olacaq. Bunun üçün biz, – Azərbaycan diasporasının nümayəndələri, özümüzün  antikrizis mərkəzini yaratmalı və qarşıya çıxan bütün problemləri birgə dəf etməliyik. Əbəs yerə deməyiblər ki, “əgər sən məlumatlsansa, deməli, silahlanmısan”. Əgər biz baş verən qlobal dəyişiklikləri vaxtında müşahidə edib izləməsək, onda Azərbaycan diasporası nəinki öz təsir qüvvəsini itirmək təhlükəsi ilə üzləşər, hətta, uğurlu biznes aparmaq imkanından da məhrum olar. Bu da, öz növbəsində, bütün dünyaya yayılmış soydaşlarımızın sosial-iqtisadi vəziyyətinin pisləşməsinə gətirib çıxardar.

Son illərdə biz çox inad və inamla dünya iqtisadiyyatının qloballaşması haqqında mülahizələr edirik. Lakin, bu gün dünyada mütəmadi şəkildə baş verən böhranlı halların təsiri altında tamamilə əks proseslər baş verir. Çində və ABŞ-da iqtisadi artımın ləngiməsi, Avropada Mərkəz meyillərinin gücləndirilməsi ilə bağlı Avrozona ölkələrində yaşanan borc və bank böhranları, Liviya və Suriyadakı aramsız vətəndaş müharibələri dünya ticarətinin həcminin sürətlə aşağı düşməsinə səbəb olur. Bütün bu hallar dünyanın enerji bazarına, ilk növbədə, neftin qiymətlərinə ağır zərbələr vurur.

Neft qiymətlərinin ucuzlaşmasına qədər, 2014-cü ildə Azərbaycanın ixrac gəlirlərinin 95% -i neft və neft məhsullarının icrası hesabına əldə olunan gəlir idi. Ona görə də, indiki dünya iqtisadi böhranı həm Azərbaycanda yaşayanlara, həm də qazanc məqsədi ilə Azərbaycanın hüdudlarından kənarda olan soydaşlarımıza eyni zərbəni vurur: neftin qiymətinin sürətlə aşağı düşməsi Azərbaycanın ixrac gəlirlərinin kəskin azalmasına gətirib çıxardır. Bu da Rusiya, Türkiyə və Avropa ölkələrində iqtisadi böhranla bağlı soydaşlarımızın uğurlu bizneslə məşğul olmaq imkanını aşağı salır, bu səbəbdən, onların Vətəndə qalan  qohumlarına pul göndərmək imkanını xeyli azaldır. Son iki ildə soydaşlarımızın Azərbaycana göndərdikləri pul vəsaitlərinin həcminin,  nəzərə çarpacaq dərəcədə, azalması göz qabağındadır.

Çox təəssüflər olsun ki, bu gün hamı, bilən də, bilməyən də, bir sözlə, kim tənbəllik etmirsə, gələcəkdə dünya miqyasında baş verəcək qlobal dəyişikliklərdən yazır. Bu da onunla əlaqədardır ki, dünya gözlərimiz önündə sürətlə dəyişir və artıq siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və digər qlobal dəyişiklikləri görməmək mümkün deyil. Bu gün dünya geniş parşalanma vəziyyətində – bir vəziyyətdən başqa bir vəziyyətə keçid halındadır. Əgər bu dəyişikliklər qlobal hərbi münaqişəyə çevrilsə, onda mübaliğəsiz demək olar ki, yer üzündə yaşayan yüz milyonlarla insan onun qurbanı ola bilər. Çox kədərli haldır ki, son illər ərzində dünyanın yeni “ət maşını” üçün bütün lazımi şərait yaradılıb.

2008-ci ildə dünyada baş verən maliyyə böhranından sonra, dünya –  iqtisadi parçalanma mərhələsinə daxil oldu ki, bu da İkinci Dünya Müharibəsinin yekunları üzrə müəyyən edilmiş vəziyyətlə, demək olar ki, eyni idi. Bu cür dünya miqyaslı iqtisadi parçalanma Avropada dərin iqtisadi böhrana, Çin və ABŞ-da iqtisadiyyatın inkişaf tempinin  kəskin zəifləməsi halına, Ərəb ölkələrində başlanan qanlı “rəngarəng inqilablar” nəticəsində böyük dağıntılara, Liviya və Suriyada üzücü və aramsız vətəndaş müharibələrinə gətirib çıxartdı. Belə vəziyyət dünyada mövcud qanun-qaydanın pozulmasına, ənənəvi nizamın dağılmasına və dünyanın yeni  hərbi-siyasi mərhələyə daxil olmasına zəmin yaratdı.

Lakin, dünya tarixinin təcrübəsi göstərir ki, yeni qlobal qanun-qaydanın bərqərar olması, həmişə böyük hərbi münaqişələr vasitəsilə baş verir. Hərbi münaqişələr isə, öz növbəsində, milyonlarla insanın bir ölkədən digərinə yerdəyişməsi ilə müşahidə edilir. Bu gün biz Liviya, Suriya, Yəmən, Əfqanıstan və aramsız vətəndaş müharibələri gedən digər müsəlman  ölkələrində əhalinin Avropa ölkələrinə kütləvi miqrasiyası prosesini müşahidə edirik. Hərbi münaqişələr zamanı dövlət sərhədlərinin pozulması, dövlətin etnik tərkibinin dəyişdirilməsi ilə bağlı  “xalqların yerdəyişməsi” prosesi, bir qayda olaraq, istənilən diasporu istənilən ölkədə yaratmaq zərurətinə gətirib çıxardır. Belə dəyişikliklər, sözsüz ki, Avropa ölkələrində yaşayan Azərbaycanlıların dolanışığında, onların rifah səviyyəsində öz əksini tapır.

Rusiya, ABŞ, Türkiyə, Avropa və MDB ölkələri ərazilərində  yaranan bizim diaspora təşkilatlarımız, vaxtılə soydaşlarımızın dolanışıq məqsədi ilə öz tarixi Vətənlərini tərk edərək, başqa ölkələrə kütləvi miqrasiyası nəticəsində meydana gəlib. Amma, milyonlarla ərəb qaçqınlarının Avropa ölkələrinə miqrasiyası, avropalıların miqrantlara qarşı münasibətlərinin kəskin pisləşməsinə gətirib çıxartdı. Ərəb qaçqınları arasında olan bir çox ekstremistlərin Avropa ölkələri şəhərlərində törətdikləri terror aktlarından sonra isə,  avropalıların аntimiqrant əhval-ruhiyyəsinə antiislam əhval-ruhiyyəsi də əlavə olundu. Nəzərə alsaq ki, biz Azərbaycanlılar da  müsəlmanıq, o halda, Avropa ölkələrində yaşayan soydaşlarımıza аntimiqrant və antiislam əhval-ruhiyyəsi ağır zərbə vura bilər. Ona görə də, Azərbaycan diasporaları hər zaman yeni çağırışlara  və həyatın diqtə etdiyi: “Bundan sonra nə etməli”? “Necə olmalı”? “Avropa ölkələrində böhran zamanı biznesi necə inkişaf etdirmək və qorumaq?”, “Avropa ölkələrində özümüzü və bizimlə birgə yaşayan ailəmizin təhlükəsizliyini necə təmin etmək?” və s. bunun kimi bir çox mürəkkəb suallara cavab verməyə hazır olmalıdır. Avropa ölkələrində sosial-iqtisadi böhranın mütəmadi kəskinləşməsi,  avropalılar arasında аntimiqrant və antiislam əhval-ruhiyyəsinin  güclənməsi səbəbindən belə münasibət bizim hər birimizə zamanla şamil oluna bilər. Ona görə də, biz bütün bu problemləri araşdırmaq və onların həlli yollarını birgə axtarıb tapmalıyıq. Əks halda bizi,- çoxmilyonlu Azərbaycan diasporasını, xoşagəlməz problemlər gözləyir.

Əgər kimsə fikirləşsə ki, o, Avropada biznesini atıb, Azərbaycana qayıtsa,  bununla bütün problemlərin həllini tapacaq, onda o, çox böyük səhv edir. Axı, belə olan halda biz sosial-iqtisadi problemlərmizi öz doğma Vətənimizə gətirirməli oluruq. Son 20 il ərzində Azərbaycan əhalisinin xeyli hissəsi Rusiyada, Avropa və MDB ölkələrində qazandıqları vəsait hesabına yaşayır. Vətənə qayıtmaqla, biz sadəcə olaraq, Respublikamıza daxil olan miqrant pul axınının qarşısını almalı oluruq.  Ona görə də, Avropada öz biznesini bağlayıb, Vətənə qayıtmaq haqqında düşünməkdənsə, yaşadığımız ölkələrdə yeni reallıqlardan irəli gələn hərbi-siyasi və sosial-iqtisadi problemlərin həlli yollarını tapmalı, qarşıya çıxan problemləri aradan qaldırmalı və buna nail olmalıyıq.  Respublikamızın hüdudlarından kənarda belə, biz Azərbaycanmızı müdafiə etməli və ona maliyyə yardımında dəstək olmalıyıq.

Yaşadığımız ölkənin qanunlarına dəqiq və qanun çərçivəsində riayət etməklə, biz özümüzü sığortalayır və biznesimizi qoruyuruq. Bizim harada olmağımızdan asılı olmayaraq, hər birimiz təmsil etdiyimiz Vətənin və Azərbaycan xalqının bir parçasıyıq. Yaşadığımız və çalışdığımız ölkələrdə apardığımız uğurlu biznesdən qazandığımız maliyyə vəsaitinin heç də az olmayan  bir hissəsini Vətənimizdə qalan öz doğmalarımıza göndərməklə, biz, müəyyən dərəcədə, Azərbaycanın iqtisadi inkişafına kömək etmiş oluruq. Ona görə də, biz özümüzü, ailəmizi və öz biznesimizi bacarıqla və ağıllı şəkildə qorumaqla,  Vətənimizi və Azərbaycan xalqını  müdafiə etmiş oluruq.

Lakin, biz öz biznes və  maraqlarımızın qorunması strategiyasını qurarkən, Rusiya və Qərb arasında hərbi-siyasi gərginliyin get-gedə  artmasından yaranan dünya iqtisadi böhranın mürəkkəbləşməsini,  Afrikanın Şimalında və Yaxın Şərqdə gedən aramsız hərbi münaqişələri nəzərə almalıyıq. Çünki, belə vəziyyət ölkələr arasında ticari-iqtisadi əlaqələrin inkişaf imkanlarını azaldır, bu da öz növbəsində, kiçik və orta bizneslə məşğul olan bir çox soydaşlarımıza ağır zərbə vurur.

İndiki qlobal hərbi-siyasi gərginlik onunla bağlıdır ki, dünyanın köhnəlmiş qanun-qaydası əvvəlki kimi işləmir və beynəlxalq siyasi, hərbi, maliyyə-iqtisadi institutları artıq qarşıya çıxan dünya miqyaslı problemləri həll etmək iqtidarında deyil. Ona görə də, bu gün dünya, demək olar ki, köklü dəyişikliklərin edilməsi üçün artıq yetişib, bu da birbaşa yeni bir dünya müharibəsinə yol açır. Yaranacaq hər bir qlobal hərbi münaqişə şəraitində biznes yaratmaq, onun inkişafına böyük investisiyalar yatırtmaq çox riskli və məsuliyyətli bir işə çevrilib. Çünki, hər an baş verə biləcək müharibə hər şeyi məhv edə bilər.

Bununla bağlı soydaşlarımıza öz yaşadıqları və çalışdıqları ölkələrdə hərbi-siyasi və sosial-iqtisadi hadisələrin inkişaf perspektivlərini vaxtında təhlil etmək, onları real qiymətləndirmək  və nəticə çıxartmağı təklif edirəm. Belə yanaşma tərzi biznesin aparılması, biznes-təklif və aktivlərin diversifikasiyasını təmin edər. Əks halda, biz, sadəcə olaraq, hər şeyimizi itirə bilərik.

Lakin, biznes layihələrin, həmçinin, aktivlərimizin səmərəli diversifikasiyasını biz yalnız birlikdə edə bilərik. Nüfuzlu ictimai təşkilatlar Azərbaycan diasporası çərçivəsində öz səylərini birləşdirərək, vahid informasiya bazası və antiböhran idarəetmə sistemini yaratsalar, bütün çətinlik və problemlərin qarşısını vaxtında ala bilərlər. Beləliklə, qlobal problemlərin səmərəli həllində, biz yenə də Azərbaycan diasporası üçün ağrılı məsələ olan – bütün dünyaya səpələnmiş soydaşlarımızın Diaspora çərçivəsində təşkilati həmrəyliyi və birləşmə məsələsi ilə üz-üzə gəlirik. Mən çox ümid edirəm ki, yaşadığımız ölkələrdə yaranmış böhranlı hallarla bağlı, biz bir-birimizə olan şəxsi ambisiya və umu-küsülüyümüzü bir qırağa qoyaraq, Azərbaycan xalqının mənafeyi naminə, nüfuzlu diaspor təşkilatları çərçivəsində yumruq şəklində birləşəcəyik.

Füzuli Məmməd oğlu Məmmədov

Beynəlxalq İctimai Birliklər İttifaqı “Dünya Azərbaycanlıları İttifaqı”nın prezidenti, Beynəlxalq İctimai Fond “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Əlaqələndirmə şurasının sədri