Azərbaycan Mərkəzi Avropa ölkələrində ticarət evləri şəbəkəsini genişləndirəcək

Azərbaycan yaxın gələcəkdə Mərkəzi Avropa ölkələrində ticarət evləri şəbəkəsini genişləndirməyi planlaşdırır.

Bunu Trend-ə Azərbaycanın Polşadakı ticarət nümayəndəsi Nemət Nağdəliyev deyib.

Onun sözlərinə görə, ticarət evlərinin Almaniya, Çexiya və Macarıstanda açılması planlaşdırılır.

N.Nağdəliyev bildirib ki, İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə yaradılmış Azərbaycan Ticarət Evi Polşa bazarında “Made in Azerbaijan” brendi ilə məhsullar təqdim edir və Azərbaycan mallarının Polşaya ixracının genişlənməsinə və təşviqinə dəstək göstərir:

“Polşadakı ticarət evində 30 Azərbaycan şirkətinin spirtli içkiləri, quru meyvələr, nar, fındıq, çay, mürəbbə, meyvə şirələri kimi məhsullar satılır. Hazırda Azərbaycanda Polşanın təqribən 20 şirkəti xidmət, sənaye və ticarət sahələrində fəaliyyət göstərir”.