
Azərbaycan sərhədini pozmaq istəyən şəxs zərərsizləşdirildi
Fevralın 11-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadında İran ərazisindən Azərbaycan istiqamətində hərəkət edən 1 nəfər naməlum şəxs müşahidə olunub.
Azunion.org-a bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin həmin şəxs əmrə tabe olmayaraq İran stiqamətində geriyə doğru qaçıb.
Məlumata görə, “Dövlət sərhədi haqqında” qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində vəfat edib.
Sərhəd nümayəndəliyi xətti ilə İran sərhədçilərinə hadisə barədə dərhal məlumat verilib.
Sərhəd pozucusunun üzərinə baxış zamanı Azərbaycan vətəndaşı, 51 yaşlı Zülfüqar Seyfullayevə məxsus Azərbaycanın ümumvətəndaş pasportu, hadisə yerinə ilkin baxış zamanı isə 1 ədəd gecə görmə cihazı aşkar olunub.
Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirir.