Azərbaycan və Rusiya xalqlarını böyük gələcək gözləyir – rusiyalı deputat

Azərbaycan və Rusiyanı böyük gələcək gözləyir.

Trend-in məlumatına görə, bunu Rusiya Dövlət Dumasının “Yedinaya Rossiya” partiyasından olan deputatı Maksim İvanov mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, ölkədə parlament seçkiləri həqiqətən kifayət qədər yüksək səviyyədə keçirilib:

“Azərbaycanda baş verən müsbət dəyişikliklər aydın görünür. Bu, infrastrukturun, vətəndaş cəmiyyətinin yaradılmasıdır, insanlar üçün rahat bir mühitin olmasıdır və bu gün Bakı sakinləri ilə söhbət edərkən insanların bu dəyişikliklərin yaxşıya doğru getdiyi barədə danışdıqlarını eşitdik”.

O, həmçinin Azərbaycan və Rusiyanı böyük bir gələcək gözlədiyini və bundan sonra birlikdə irəliləyəcəyimiz barədə fikir söyləyib.

Millət vəkili Lyudmila Kozlova da öz növbəsində qeyd edib ki, seçkilərin açılışında çox sayda müşahidəçi və jurnalist olub. O, ərazilərdə hər hansı bir hadisənin olmadığını da qeyd edib.

Dövlət Dumasının deputatı Sergey Markovun şərh etdiyi kimi, ən vacib müşahidə ondan ibarətdir ki, seçkilər ədalətli olsun və Azərbaycan xalqının iradəsini təcəssüm etdirsin.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.