Azərbaycan xurmasının ixrac coğrafiyası yaxın sərhədlərdən ərəb ölkələrinə qədər uzanır

Azərbaycan ötən il 200 min ton xurma ixrac edib.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Qadir Yusifov deyib.

Onun sözlərinə görə, ötən il ixracdan daxilolma 114 milyon dollar olub: “Azərbaycanın 21 rayonunda xurma yetişdirilir. Hazırda ölkədə iki növ yerli xurma sortu-yastı və şişburun sortları yetişdirilir. Bu il də məhsuldarlıq normaldır. 200 min ton ətrafında məhsuldarlıq gözlənilir. Hazırda yerli şitillər yetişdirilir və xurma sahələri artırılır. 5 il əvvəl İspaniyadan yeni xurma sortu gətirilib. Həmin sortdan da bir neçə ildir ki məhsul əldə olunur. İspan sortu da ölkədə xurma yetişdirilən bütün rayonlara paylanılıb və orada əkilib”.

Q.Yusifov bildirib ki, İspaniyadan gətirilən yeni xurma sortu Azərbaycanın “şişburun” sortu ilə eyni formada və eyni keyfiyyətdədir:

“Məhsuldarlıq da yerli sortlardan az deyil, eynidir. İqlim şəraitinə də eyni dərəcədə dözümlüdür. Yəni bu sortlara hansısa xüsusi qulluğa ehtiyac yoxdur”.

Qurum sədri bildirir ki, artıq Azərbaycandan builki ixraca start verilib: “Demək olar ki, hər gün ixrac var. Azərbaycandan əsasən ərəb ölkələrinə, Rusiya, Ukrayna, Moldova, Belarus və Qazaxıstana xurma ixrac olunur”.