Azərbaycanda həyata keçirilən islahatlar ölkədə siyasi dəyişikliklərlə müşayiət olunur

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Vasif Hüseynovun Xəzər və Qara Dəniz Təhlil Fonduna (CCBS) məxsus nəşrdə “Növbədənkənar parlament seçkiləri: Azərbaycanda siyasi dəyişikliklərin həlledici mərhələsi” adlı məqaləsi dərc edilib.

BMTM-dən Trend-ə verilən məlumata görə, məqalədə fevralın 9-da keçiriləcək parlament seçkiləri 2019-cu ildə islahatlarla səciyyələnən iqtisadi və siyasi keçid dövrünün yeni mərhələsi kimi qiymətləndirilir.

Qeyd olunur ki, son illərdə ölkəmizdə həyata keçirilən islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafına yönəlmiş tədbirlər bir sıra siyasi dəyişikliklərlə müşayiət olunur. Bu dəyişikliklər fonunda ölkədə ümumilikdə siyasi transformasiya mühiti yaranıb. Belə ki, islahatlar prosesində yaşlı kadrların gənc və əsasən Qərb təhsilli kadrlarla əvəzlənməsi, korrupsiyada ilə mübarizə tədbirlərinin güncləndirilməsi həm ölkə daxilində, həm də beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilir.

Məqalədə bildirilir ki, genişmiqyaslı siyasi islahatlar, həmçinin gəncləşmə siyasəti insanların siyasi proseslərə marağını artırmaqla yanaşı, qarşıdan gələn seçkilərə də inam formalaşdırıb. Qeydə alınan namizədlərin və yerli seçki müşahidəçilərinin rekord sayı ölkədə hökm sürən siyasi fəallığın digər bir göstəricisidir. Ümumilikdə, bütün partiyalardan olan və bitərəf namizədlər qanunvericilikdə söz sahibi olmaq üçün seçki kampaniyalarını səylə həyata keçirdiyi qeyd olunan məqalədə, həmçinin vurğulanır: “Bütün bunları nəzərə alsaq, qarşıdan gələn seçkilərin Azərbaycanın siyasi transfomasiyasında həlledici rol oynayacağı şübhəsizdir”.