Azərbaycanda ilkin mərhələdə 600 ədəd “QAZ” markalı avtomobil istehsal olunacaq

“Bu gün Hacıqabul Sənaye Məhəlləsində təməli qoyulan “QAZ” markalı avtomobil istehsalı zavodunda ilkin mərhələdə təxminən 600 ədəd avtomobil istehsal olunacaq”.

Azunion.org xəbər verir ki, bunu “Azərmaş” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Emin Axundov jurnalistlərə bildirib.

“İllik istehsal gücü 1000 ədəd olan zavodda ilk il 600 ədəd avtomobil istehsalı nəzərdə tutulur. Yaxın gələcəkdə baza modellərdən əlavə, xüsusi təyinatlı avtomobillərin istehsalı da nəzərdə tutulur. İkinci mərhələdə isə orta və böyük ölçülü avtobuslar istehsal ediləcək”.

O qeyd edib ki, zavodun məhsullarının ixrac olunması da planlaşdırılır və ilk növbədə avtomobillərin İrana ixracı nəzərdə tutulur: “İrana ixracla bağlı danışıqlar aparılır. “QAZ” zavodu özü Rusiyadan məhsullarının ixracı ilə bağlı İran tərəfi ilə danışıqlar aparmışdı. Lakin Azərbaycandan İrana ixrac həm logistika, həm də münasibətlər baxımından daha asandır. Bizim İranla avtomobil sənayesində əməkdaşlığımız da mövcuddur”.

Onun sözlərinə görə, Azərbaycan bazarında bu tipli avtomobillərə tələbat təxminən min ədədə yaxındır: “Yeni zavod yerli tələbatın təxminən 50-60%-ni ödəyə biləcək”.

Qeyd edək ki, Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın “Qorki Avtomobil Zavodu” (QAZ Qrup) şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.