Azərbaycanda minimum əməkhaqqı artırıldı

İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan prezidentinin 2017-ci il dekabrın 25-dəki 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Azunion.org-un məlumatına görə, sərəncamda qeyd edilir ki, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilsin.

Azərbaycan hökumətinə Nazirlər Kabinetinin aktları ilə müəyyən olunan dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırmaq; Azərbaycan prezidentinin aktları ilə müəyyən olunan dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində prezidentə təqdim etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

“Minimum aylıq əməkhaqqının artırılması haqqında” prezidentin 2017-ci il dekabrın 25-dəki 3545 nömrəli sərəncamının 1-ci hissəsi ləğv edilir.

Qeyd edək ki, bundan əvvəl minimum aylıq əməkhaqqının məbləği 130 manat təşkil edib.