Azərbaycandan Şarm Əl Şeyxə səyahətlə bağlı xəbərdarlıq edildi

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Misirin Şarm Əl Şeyx şəhərinə avia biletləri satma hüququ olan Gürcüstan şirkətinin səlahiyyətlərinin Ermənistan şirkətinə keçməsi ilə bağlı vətəndaşlara və turizm şirkətlərinə müraciət edib.

Assosiasiyadan Trend-ə verilən məlumata görə, yanvarın 22-dən Misirin Şarm Əl Şeyx şəhərinə avia biletləri satma hüququ olan Gürcüstanın “İnterco Travel” şirkətinin səlahiyyətləri Ermənistanın “Anriva Tour” şirkətinə keçib.

Bununla da Misir aviaşirkətinin Gürcüstanda kommersiya nümayəndəliyi dəyişib və “Air Cairo” hava yollarının Gürcüstan üzrə nümayəndəliyi Ermənistan şirkəti təyin olunub.

Artıq “Anriva Tour” bununla bağlı turizm şirkətlərinə müraciət ünvanlayıb.
Müraciətdə “Anriva Tour” şirkəti narahatlığa əsas olmadığını və uçuşların əvvəlki qaydada həyata keçiriləcəyini bildirib və “İnterco Travel” ilə iş birliyində olan turizm şirkətlərini əməkdaşlığa çağırıb:

“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası “Anriva Tour” şirkətinin xidmətlərindən yararlanarkən daxil edilən şəxsi məlumatların şirkətin İrəvan şəhərində yerləşən baş ofisində toplandığını, təxribat yönümlü halların baş vermə riskinin yüksək olduğunu, eyni zamanda zərurət yarandığı təqdirdə Ermənistan hava limanlarına belə eniş etmə niyyətlərinin açıqlamasını nəzərə alıb yaranmış vəziyyətlə bağlı vətəndaşlara və turizm şirkətlərinə müraciət edərək “Anriva Tour” şirkətinin xidmətlərindən yararlanmağı və əməkdaşlıq etməyi məqsədə uyğun saymır. O üzdən Misirə uçmaq üçün digər alternativ yollarından istifadə etməyi məsləhət görür”.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası “Anriva Tour” şirkətinin Azərbaycanın turizm bazarına da çıxış əldə etmək üçün müxtəlif vasitələrdən istifadə edə biləcəyi riskini nəzərə alaraq turizm şirkətlərini diqqətli olmağa çağırıb.