Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstaqram” səhifəsində İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Solomonoviç Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib. Trend-in məlumatına görə, təbrikdə deyilir: “Bu gün İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Solomonoviç Qusmanın 70 yaşı tamam olur. Çoxşaxəli istedadı, tükənməz enerjisi, yorulmaz fəaliyyəti və daim yeni yaradıcı zirvələri fəth etmək səyləri sayəsində Mixail Solomonoviç cavan qalmağı bacarmış, nikbinlik və xeyirxahlığını itirməməyə müvəffəq olmuşdur. O, əsl vətənpərvər kimi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermişdir. Mixail Solomonoviç Qusmanı yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona və gözəl ailəsinə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram”.

“Hakimiyyətin formulu” verilişlər silsiləsinin müəllifi Mixail Qusman 70 illiyini qeyd edir.

Trend-in bu əlamətdar tarixə həsr olunmuş “Mixail Qusmanın formulu” xüsusi layihəsində Mixail Qusman Gülnarə Məmmədzadə ilə səmimi və mehriban söhbətində dünya liderləri ilə ünsiyyəti, Bakı və bakılılar, valideynlərinin “həyat formulu” və bir çox digər mövzulardan danışıb.