Azərbaycanın Milli Dirçəliş Günü

“Dünya Azərbaycanlıları İttifaqının” sədri Füzuli Məmmədov bütün dünya Azərbaycanlılarını Milli Dirçəliş günü münasibəti ilə təbrik edir. 

Hörmətli həmvətənlərim!

Azərbaycanda dövlət bayramı kimi hər il qeyd etdiyimiz 17 noyabr – Milli Dirçəliş günü, əsl ümumxalq bayramı olaraq, kütləvi vətənpərvərlik dalğası nəticəsində meydana gəlmişdir. 17 noyabr –  Azərbaycanlılar üçün Milli azadlıq hərəkatının başlanğıcı və nəticədə Azərbaycanın müstəqillik əldə etməsinin simvolu kimi tariximizə daxil olub. Ona görə də, hər bir Azərbaycanlı üçün Milli Dirçəliş günü çox hörmətli və şanlı bir bayramdır. Bununla əlaqədar, Beynəlxalq İctimai İttifaqlar Birliyi “Dünya Azərbaycanlıları İttifaqı” Beynəlxalq İctimai Fond “Dünya Azərbaycan Mədəniyyət Fondu” və şəxsən öz adımdan  bütün dünya Azərbaycanlılarını, həqiqətən də, əsl xalq bayramına çevrilən  Milli Dirçəliş günü münasibəti ilə  ürəkdən təbrik edirəm. Bütün soydaşlarımıza can sağlığı, firavanlıq, sülh, xoşbəxtlik, ruzi-bərəkət, xeyir və sevgi arzulayıram! Doğma Azərbaycanıma isə öz dövlətçiliyinin möhkəmləndirilməsini, iqtisadi tərəqqi və ərazi bütövlüyünün bərpa olunmasını arzulayıram!

Milli Dirçəliş günü ilə bağlı hadisələr Azərbaycan tarixinin parlaq səhifələridir. Məhz noyabrın 17-si 1988-ci ildə Azərbaycanda  başlanan Milli azadlıq hərəkatı 18 oktyabr 1991-ci ildə müstəqil Azərbaycan dövlətinin – müasir Azərbaycan Respublikasının yaradılması ilə nəticələndi. Düz 28 il əvvəl Bakının Lenin  meydanında (indiki Azadlıq meydanı) Sovet İttifaqı Mərkəzi hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeritdiyi ikiüzlü, birtərəfli siyasətinə qarşı ilk kütləvi müddətsiz etiraz aksiyaları, mitinqləri başlandı. Həmin gün SSRİ-nin dağılmasının məhkumluğu da artıq əyani şəkildə özünü büruzə verdi. Bütün Azərbaycan xalqı öz ölkəsinin ərazi bütövlüyünün müdafiəsinə qalxdı. Nəticədə, kortəbii şəkildə başlanmış mitinqlər  tədricən güclənərək, misli görünməmiş güclü siyasi aksiyalara çevrildi.  Bəzi məlumatlara görə, həmin günlər meydana təxminən yarım milyona qədər  insan axışırdı, bəzi saatlarda isə kütləvi etiraz aksiya iştirakçılarının sayı bir milyon nəfərə qədər çatırdı. Bu, Azərbaycan tarixində misli görünməmiş ən kütləvi etiraz aksiyaları olub.

Bakıda etiraz dalğalarının keçirildiyi bir dövrdə Azərbaycan xalqı qonşu Ermənistanın ərazi iddiaları ilə Azərbaycana qarşı yürütdüyü separatist-işğalsı siyasəti istiqamətində İttifaq mərkəzinin lazımi köməyini, ədalətli reaksiyasını bir dəfə də olsun görmədi. Rəsmi Moskva ermənilərin Dağlıq Qarabağa aid iddialarına qarşı loyal, qeyri-səmimi və ayrı-seçkilik münasibəti bəsləyərək, tarixi yenidən dəyişməyə cəhd göstərir, öz siyasətini Azərbaycana zorla qəbul etdirməyə çalışırdı. Bunun şahidi olmuş minlərlə kütləvi etiraz aksiya iştirakçıları Azərbaycanın SSRİ-nin tərkibindən çıxmasını qətiyyətlə tələb etməyə başladılar. Nəticədə, Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətində erməni separatizminin qarşısını almaq, onu kökündən boğmaq istiqamətində Moskvanın istəyinin olmaması, İttifaq dövlətinin özünün dağılmasına səbəb oldu. Qarabağ münaqişəsi SSRİ-nin digər bölgələrində də güclü separatçılıq dalğasına və millətlərarası münaqişələrə gətirib çıxardı.

İttifaq mərkəzi Azərbaycanın maraqlarını nəzərə almadıqca, Bakıda mitinq edənlərin sayı çoxalırdı. Nümayişçilər həm Ermənistandan, həm də Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qovulan məcburi qaçqın və köçgünlərın axınına qarşı narahaçılıqlarını ifadə edir, başlanan və get-gedə daha da dərinləşən Dağlıq Qarabağ münaqişəsinə kəskin etirazlarını bildirir, hiddətlərini gizlətmirdilər.

Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salsaq, görərik ki, rəsmi Moskva Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı yaranmış münaqişəni vaxtında və ədalətli həllindən imtina edərək, əslində özü SSRİ-nin dağılmasına səbəb olmuşdur. Məhz 1988-ci il noyabrın 17-də Bakıda Azadlıq meydanında (keçmiş Lenin) başlanan mitinqlər, keçmiş SSRİ-nin Mərkəzi hakimiyyətinin siyasətinə qarşı keçirilən ilk kütləvi və davamlı etiraz aksiyasıyaları olmuşdur. O ağır günlərdə balaca Azərbaycan ərazisində,  ölkə ərazisinə görə dünyada ən böyük dövlət hesab edilən Sovet İttifaqının taleyi həll olunurdu. Azərbaycanın ərazi bütövlüyünün pozulması, taleyin istehzası kimi,  İttifaq dövlətinin birlik və ərazi bütövlüyünün pozulmasına gətirib çıxartdı.

Nədənsə, İttifaq rəhbərliyi vaxtılə məhz Bakı nefti sayəsində SSRİ-nin Hitler Almaniyasına qarşı müharibədə qalib gəldiyini tez unutmuşdu. Azərbaycan xalqının səsini eşitmək əvəzinə, SSRİ rəhbərliyi 1988-ci il noyabrın 22-də Bakıda fövqəladə vəziyyət və komendant saatı tətbiq etdi. Bu azmış kimi, Azərbaycanın paytaxtında kütləvi etiraz aksiyalarını boğmaq və dağıtmaq məqsədi ilə, Sovet İttifaqının müxtəlif respublikalarından hərbi hissələrin böyük qüvvələrini şəhərə cəlb etdi. Sovet daxili qoşunları meydana yığlşan mitinqçiləri əvvəlcə mühasirəyə aldı, dekabrın 3-dən 4-nə keçən gecə isə etiraz aksiyasının iştirakçılarını zirehli texnikanın köməyi və dəyənəkləri ilə qovub dağıtdı, sonra onların çoxunu, təxminən 400 nəfərini həbs edərək, zindanlara atdı. Zorakılıq tədbirlərinə baxmayaraq, İttifaq rəhbərliyi Azərbaycan xalqının iradəsini qıra bilmədi və o vaxtkı hadisələr müstəqil Azərbaycan dövlətinin yaradılmasında öz mühüm rolunu oynadı. Bu hadisələrin başlanğıcı – Azərbaycan Milli-azadlıq hərəkatının sürətlə yayılması,  nəticəsi isə – Azərbaycan xalqının müstəqilliyinin əldə edilməsi oldu. O vaxtdan etibarən, noyabrın 17-si Azərbaycanın Milli Dirçəliş rəmzinə çevrilmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra, 1992-ci ildən başlayaraq noyabrın 17-ni hər il dövlət bayramı kimi təntənəli şəkildə qeyd edir.

Azərbaycan xalqının Milli-azadlıq hərəkatında iştirak edən, Azərbaycanın müstəqilliyinin bərpasında əməyi olan hər bir soydaşımıza çox sağ ol deyirəm. Bizim borcumuz –  onların ən böyük nailiyyətini göz bəbəyi kimi qoruyub saxlamaq, onlara hörmət etməkdir! Bir daha hamınızı Azərbaycan Milli Dirçəliş günü münasibətilə ürəkdən təbrik edirəm!

Eşq olsun müstəqil və güclü Azərbaycan dövlətinə!

Səmimi və dərin hörmətlə,
 Füzuli Məmməd oğlu Məmmədov
“Dünya Azərbaycanlıları İttifaqının” prezidenti,
“Dünya Azərbaycan Mədəniyyət Fondunun” prezidenti,
“Avropa Azərbaycan Konqresinin” birinci vitse-prezidenti.