Azercell-in dəstəyi ilə keçirilən “Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu

“Azercell Telekom” MMC-nin dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə 15-16 iyun tarixlərində startaplar arasında keçirilən ”Seedstars World” müsabiqəsinin yerli seçimləri baş tutdu. “Hyatt Regency” otelində təşkil olunan yarışmada münsiflər heyəti qarşısında öz layihələrini təqdim etmək üçün dəvət olunan 7 startap sırasından “Wexplain” qalib seçildi.

Məlumat üçün bildirək ki, “Wexplain” qərarlar qəbul olunması və ya məlumat mübadiləsi üçün toplantı təşkil etmək ehtiyacını azaldacaq yeni qurulmuş onlayn bir platformadır. Təklif etdiyi innovativ və davamlı həll sayəsində qalib gəlməyə müvəffəq olan bu startap Azərbaycanı 2019-cu ilin dekabr ayında Qazaxıstanda keçiriləcək “Seedstars CEE” regional sammitində təmsil etməklə yanaşı, bütün xərclər qarşılanmaqla, 2020-ci ilin aprel ayında İsveçrədə baş tutacaq “Seedstars World” yarışmasına qatılmaq, bununla da, “Seedstars Global Winner” adı və 500 000 ABŞ dolları dəyərində sərmayə yatırımı qazanmaq uğrunda mübarizə aparacaq.

Tibb elmləri sahəsində araşdırmalarla məşğul olan şəxslər üçün dərmanların təftiş məlumatlarını strukturlaşmış formaya salaraq, statistikanın aparılmasında yardımçı olan tətbiq təklif edən “APDVoice” müsabiqədə ikinci yerə layiq görüldü. Əşyaların İnterneti (IoT) texnologiyasına əsaslanan ağıllı tullantı toplanması sistemini təklif edən “WASCO” startapı isə üçüncü pillədə qərarlaşdı. Məlumat üçün bildirək ki, “Eleven Kings”, “Owbike”, “Real English” və “Senmur” yarışa dəvət olunan startaplar sırasında idi.

Qeyd edək ki, “Seedstars” inkişaf etməkdə olan ölkələrdə regional məsələlərin həllini hədəfləyən, onların regional bizneslərinə və inkişafına dəstək vermək məqsədilə qlobal bazar üçün gəlirli və davamlı məhsullar hazırlayan bacarıqlı startaplar axtarışındadır. “Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələrin, yaranmaqda olan startapların müstəqil şirkət kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq 7 ildir ki, “Seedstars Baku” müsabiqəsinin yerli təşkilatçısı qismində çıxış edir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.