Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatının iplə və topla hərəkətlərdə qalibləri mükafatlandırılıb

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatının “gənclər” yaş kateqoriyasında iplə və topla hərəkətlərdə qalibləri müəyyənləşib.

Trend-in məlumatına görə, qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

İplə hərəkətlərdə birinci yerə Lalə Qebəybəyova, ikinci yerə Alina Gözəlova, üçüncü yerə Fidan Yusifzadə çıxıb. Hər üç gimnast “Ocaq Sport” klubunun təmsilçisidir.

Topla hərəkətlərdə Alina Gözəlova birinci pilləyə qalxıb. Nigar Usubova ikinci, Zöhrə Paşayeva üçüncü olub. İdmançılar “Ocaq Sport” klubunun yetirmələridir.

Xatırladaq ki, 29-31 avqust tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatı keçirilir

Yarışlarda fərdi gimnastlar “balacalar”, “yeniyetmələr”, “gənclər” və “böyüklər” yaş kateqoriyasında mübarizə aparacaqlar. İştirakçılar arasında Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, GymKids Klubu, Daxili İşlər Nazirliyinin idman məktəbi, Zirə Mədəniyyət Mərkəzi, həmçinin Sumqayıt şəhəri, Gəncə, Mingəçevir və Şağan gimnastları yer alıblar.

Turnirdə 100-dən çox gimnast arena xalçasında öz performansları ilə çıxış edir.