Martın 12-də “Microsoft Azerbaijan” şirkəti Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakıda ənənəvi “Microsoft” İnnovasiya Gününü (“Microsoft Innovation Day”) keçirəcək.

Müasir insanın həyatı bulud texnologiyaları ilə sıx bağlıdır: işdə, təhsildə, məişətdə, sosial həyatda, əyləncədə, səyahətdə və s. Bütün bunları nəzərə alaraq, “Microsoft Azerbaijan” şirkəti builki “Microsoft” İnnovasiya Günü texnologiyaların gündəlik həyatda istifadəsinə həsr olunacaq və ən müasir texnoloji yenilikləri əhatə edəcək.

“Microsoft” İnnovasiya Günündə Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov, “Microsoft” Korporasiyasının Mərkəzi və Şərqi Avropa regionunda satış üzrə direktoru Viki Rentzepi (Vicky Rentzepi) və digər rəsmi şəxslər çıxış edəcəklər. Bundan başqa, “Microsoft” əsaslı cihazlar və bulud xidmətləri təsvir olunan tədbirdə “Microsoft Azerbaijan” şirkətinin nümayəndələri bulud xidmətlərinin fərdi həyatda və biznesdə istifadəsi imkanları barədə məlumat verəcək, “Windows” əsaslı cihazları, həmçinin, işgüzar və gündəlik istifadə üçün nəzərdə tutulmuş proqram və həlləri, o cümlədən, bu cihazların vahid sistem kimi işləyə bilmə imkanlarını nümayiş etdirəcək, həmçinin “Outlook.com”, “OneDrive”, “Office Online” və “Office 365” kimi xidmətlər vasitəsilə şirkətlərin iş səmərəliyini artırma imkanları barədə danışacaqlar.

Bununla yanaşı, tədbir çərçivəsində avtomobil sənayesində inqilabi yeniliklər yaratmış “Tesla” avtomobilinin innovativ funksiyaları və üstün texnologiyaları nümayiş olunacaq.

Qeyd edək ki, “Microsoft Innovation Day” – “Microsoft” Korporasiyasının innovasiya texnologiyalarına həsr edilən və hər il təşkil olunan ər iri tədbirlərdəndir. Azərbaycanda sözügedən tədbir 2007-ci ildən etibarən keçirilir.

“Microsoft” haqqında:

1975-ci ildə təsis edilmiş Microsoft Korporasiyası insanların və bizneslərin tam potensialını həyata keçirməsində yardımçı olan proqram təminatı, xidmət və həllərdə dünya lideridir. Microsoft Korporasiyası fərd və bizneslər üçün geniş çeşidli mobil cihaz və bulud xidmətləri təqdim edir ki, bütün dünyada insanların evdə, işdə və yolda daha çox önəm verdikləri fəaliyyətləri həyata keçirməsinə imkanı olsun. Bunların arasında masaüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün masaüstü biznes və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, İnternet şəbəkəsində işləmək üçün vasitələr və yaradıcılıq alətləri. Əlavə olaraq, Microsoft onlayn xidmətlər təklif edir, kompüter mövzularında kitablar çap edir, kompüterlər üçün periferik cihazlar istehsal edir və yeni kompüter texnologiyalarının tədqiqatı və inkişafı ilə məşğul olur. Microsoft Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla, 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən Microsoft Azərbaycan şirkətinin başlıca vəzifəsi – elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni texnoloji həlləri tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.