Bakıda Beynəlxalq Animasiya Festivalı keçiriləcək

Festivalın ikinci dəfə keçirilməsinə baxmayaraq, iştirak üçün 50 ölkədən 268 müraciət olunub. Almaniya, Azərbaycan, Çexiya, İtaliya və Polşa nümayəndələrindən ibarət seçim komitəsi müsabiqəyə 25 ölkəni təmsil edən 54 film qəbul edib

Azərbaycan kinematoqrafçılar İttifaqı II animafilm beynəlxalq animasiya festivalının əsas tərəfdaşı olub. Bu barədə Sputnik Azərbaycan-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Oktyabrın 18-20-də Bakı şəhərində II ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına start verilir. Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) əsası Rəşid Ağamalıyev tərəfindən qoyulmuş Beynəlxalq Animasiya Film Festivalı ilə birgə əməkdaşlıq haqqında müqavilə imzalayıb.

AKİ-dan verilən məlumata görə, Azərbaycanda film festivallarının keçirilməsi kinomuzun inkişafı üçün vacib amillərdən biridir. Bu da o deməkdir ki, uşaqların zövqünün və dünya görünüşünün formalaşmasında, o cümlədən kino dilinin inkişafında mühüm rol oynayan animasiya kimi vacib janrı hədəf götürən festivalın keçirilməsi böyük əhəmiyyətə malik olduğu üçün bu proses davam edəcək.

Festivalın ikinci dəfə keçirilməsinə baxmayaraq, iştirak üçün 50 ölkədən 268 müraciət olunub. Almaniya, Azərbaycan, Çexiya, İtaliya və Polşa nümayəndələrindən ibarət seçim komitəsi müsabiqəyə 25 ölkəni təmsil edən 54 film qəbul edib. Festivalın Beynəlxalq münsiflər heyətinə Məsud Pənahi rəhbərlik edəcək. Paralel keçəcək animasiya filmləri üçün ssenarilər üzrə müsabiqənin qalibini isə Ramiz Fətəliyev (Azərbaycan), Zeynəb Qurbani Fəryad (İran), İntiqam Qasımzadə (Azərbaycan) və Gülşən Tofiqqızının (Azərbaycan) təmsil olunduğu heyət müəyyən edəcək. Festival reqlamentinə görə, münsiflər heyəti “ən yaxşı qısametrajlı animasiya filmi”, “uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi”, “qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” nominasiyaları üzrə mükafatlar təqdim edəcək. Eyni zamanda, hər bir tamaşaçı səs verməklə də animasiya filmlərinin qiymətləndirilməsinə öz töhfəsini verə bilər. Bu baxımdan da səsvermənin yekununda “Tamaşaçı rəğbəti mükafatı” təqdim olunacaq.

https://sputnik.az/culture/20190913/421731725/Bakida-Beynlxalq-Animasiya-Festivali-kecirilecek.html