Bakıda innovasiya və startap ekosistemi üzrə layihələr müzakirə edilib

“İnnovasiya Festivalı” çərçivəsində Bakıda “Şərq Tərəfdaşlığı” ölkələrinin “Rəqəmli bazarların uyğunlaşdırılması” (HDM) təşəbbüsü çərçivəsində 4-cü “ICT innovation and startup ecosystems” istiqaməti üzrə növbəti seminar işə başlayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Avropa Komissiyasının, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus respublikalarının nümayəndələri və xarici ekspertlər iştirak edirlər.

Seminar çərçivəsində iştirakçı ölkələrdə innovasiya və startap ekosistemlərinin formalaşdırılması istiqamətində görülmüş işlər müzakirə olunub, ekspertlər tərəfindən Avropada həyata keçirilmiş ən yaxşı təcrübələr barədə məlumat verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov çıxış edərək Azərbaycanda formalaşmış İKT və startap ekosistemi barədə ətraflı danışıb. Nazirlik rəsmisi dövlət tərəfindən startaplara və innovasiyaların inkişafına xüsusi diqqət göstərildiyini qeyd edib. O, ölkəmizdə yaradılmış İnnovasiyalar Agentliyinin sözügedən sahənin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar açacağını bildirib.

Moldova İKT şirkətləri Assosiasiyasının strateji layihələr üzrə direktoru Ana Çirita isə ölkəsində tətbiq olunan innovasiyalara dair təqdimatla çıxış edib. Təqdimatda “Digital Moldova 2020” layihəsi və İT-nin inkişafına dair 2019-2023-cü illər üçün Strategiya barədə məlumat verilib.

Eyni zamanda, Moldovada fəaliyyət göstərən İT Parklardan danışılıb. İT Parklarda 419 rezidentin olduğu, bunlardan 109-nun 28 ölkəni təmsil etdiyi qeyd edilib.

Həmçinin, startap ekosisteminin yeni inkişaf tendensiyalarından bəhs edilib.

Ukraynanın İnnovasiya və Texnologiya Transferi üzrə Direktoratının baş direktoru Darya Çayka isə təqdimatında ölkədə tətbiq olunan İnnovasiya Strategiyasının əsas istiqamətlərini diqqətə çatdırıb. Ölkə rəsmisi təqdimatında əsasən təhsil sahəsində innovasiyaların tətbiqini şərh edib.

Seminarda 2019-2021-ci illər üçün “Şərq Tərəfdaşlığı” ölkələrinin “ICT innovation and startup ecosystems” istiqamətində birgə həyata keçirəcəyi layihələr müzakirə edilib.

Qeyd edək ki, 2014-cü ildən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı Proqramı”nın “İqtisadi inteqrasiya və Avropa İttifaqı siyasətinə uyğunlaşma” platforması çərçivəsində “Rəqəmli bazarların uyğunlaşdırılması” (HDM) təşəbbüsü həyata keçirilir. HDM təşəbbüsün məqsədi vahid rəqəmli bazarın üstünlüklərini “Şərq Tərəfdaşlığı” ölkələrinə genişləndirməklə bu ölkələrdə rəqəmli iqtisadiyyatın və cəmiyyətin inkişafına dəstək verilməsidir. Ölkəmizi bu təşəbbüsdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təmsil edir.

Seminar öz işini sabah da davam etdirəcək.