Bakıda universitet tələbəsi virusdan ölüb – İDDİA

Bakıda birinci kurs tələbəsi olan qız ölüb.

Azunion.org Baku.ws-ə  istinadən bildirir ki, qızın anası İlhamə İgidovanın iddiasına görə, övladının ölümünə səbəb virusa yoluxması olub. 18 yaşlı Nərdanə Tağızadə yanvarın 29-da vəfat edib.

Anasının sözlərinə görə,  qızının vəziyyəti yanvarın 25-də pisləşib və onu Respublika Klinik Xəstəxanasına, sonra “Bakı Medical Plaza”ya yerləşdiriblər. Həkimlərin səyinə baxmayaraq, Nərdanənin həyatını xilas etmək mümkün olmayıb.

Həkimlər qızın valideynlərinə deyiblər ki, Nərdanə Tağızadə leptospirosis virusuna tutulub:“Əvvəlcə dedilər ki, qız H1N1 virusuna tutulub. Sonradan dedilər ki, qıza heyvanlardan leptospiroz virusu keçib. Lakin ölüm kağızında rəsmi olaraq yazdılar ki, onun dünyasını dəyişməsinə səbəb ağciyər və ürək çatışmazlığıdır”.

İlhamə İgidova dediyinə görə, qızının ölümündən sonra evlərinə gələn Epidemiologiya Mərkəzin həkimləri bildiriblər ki, Nərdanə Tağızadədən başqa, bu virusdan daha 5 nəfər vəfat edib: “Dedilər, araşdırmaq lazımdır ki, Nərdanə ilə həmin 5 nəfərin əlaqəsi olub, ya yox. Bu virus əsasən heyvanlardan insana keçir”.

Dünyasını dəyişən Nərdanə Tağızadə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə 600 balla daxil olub.