Belçika səfiri: “Cənub Qaz Dəhlizi” Avropanın qaz bazarında rəqabəti gücləndirəcək

Azərbaycan qazının Avropaya nəqlini təmin edən “Cənub Qaz Dəhlizi” Avropa qaz bazarında rəqabəti artıracaq.

Bunu Trend-ə Belçikanın Azərbaycan, Gürcüstan və Türkmənistandakı səfiri Bert Şufs deyib.

Səfir bildirib: “Enerji sektoru Belçika-Azərbaycan iqtisadi əməkdaşlığının əsas strateji elementidir. Bununla əlaqədar olaraq hesab edirəm ki, 2020-ci il “Cənub Qaz Dəhlizi”nin tam istismara veriləcəyi vacib bir ildir. Belçika şirkəti “Fluxys” “Cənub Qaz Dəhlizi”nin Avropa hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində 19 faiz paya sahibdir. “Fluxys” qaz istehsalçısı və ya istehlakçısı deyil – şirkət, əsasən qaz infrastrukturuna sahibdir. Bu mənada Azərbaycanın SOCAR Dövlət Neft Şirkəti və “Fluxys” səmərəli əməkdaşlıq edir və onların fəaliyyəti bir-birini tamamlayır”.

Şufs qeyd edib ki, “Cənub Qaz Dəhlizi”nin əsas nailiyyəti qazı Azərbaycandan və sonda bölgənin digər ölkələrindən Avropaya nəql etməkdir.

Səfir əlavə edib: “Bu, Avropa ölkələrini digər qaz dəhlizlərinə alternativ keçidini təmin etmək baxımından vacibdir. “Cənub Qaz Dəhlizi” Avropa qaz bazarında rəqabəti artıracaq. Azərbaycan öz qazını ixrac edir və ərazisi digər ölkələrdən qaz tranziti üçün istifadə edilə bilər”.

Bir sıra Belçika şirkətlərinin Azərbaycanın enerji sektorunda subpodratçı olduğunu qeyd edən Şufs, bərpa olunan enerji mənbələri sahəsində ikitərəfli əməkdaşlığın vacibliyini də vurğulayıb.

O əlavə edib: “Naxçıvan Muxtar Respublikasında 2016-cı ildən fəaliyyət göstərən ən böyük günəş elektrik stansiyası Belçikanın “Soltech” şirkətinin texnologiyası ilə təchiz edilib. “Soltech” və digər Belçika şirkətləri Azərbaycanda bərpa olunan enerji layihələrində iştirak etməkdə çox maraqlıdırlar”.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” “Şahdəniz-2” yatağının işlənməsi çərçivəsində istehsal olunan Azərbaycan qazının Türkiyə üzərindən Avropaya daşınması üçün boru kəməri infrastrukturunun yaradılmasını təmin edir.

Layihənin əsas komponentləri “Şahdəniz-2”, “Bakı-Gürcüstan-Türkiyə sərhədi” Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərqindən qərb sərhədlərinə qədər “Trans-Anadolu qaz kəməri”nin (TANAP) və Yunanıstan, Albaniya və İtaliyanın cənubundakı Adriatik dənizini birləşdirən “Trans-Adriatik qaz kəməri”nin (TAP) inşasıdır.

2020-ci ilin oktyabr ayından etibarən Azərbaycan qazının Avropaya 10 milyard kubmetr həcmində tədarükü gözlənilir.