Beş rayonun məktəb direktorlarının taleyi həll olunur

Direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 114 namizədin iştirakı nəzərdə tutulur

Bu gündən dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsinə başlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib.

Xəbərdə bildirilir ki, bu mərhələdə Cəlilabad, Quba, Şamaxı, Lənkəran və İmişli rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 114 namizədin iştirakı nəzərdə tutulur. Sözügedən rayonlar üzrə müsahibələr avqustun 30-dək davam edəcək. Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək.

Qeyd edək ki, cari ilin 13-19 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. 3 403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 273-nün elektron ərizəsi təsdiqlənib. Avqustun 2-də keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 1 643 nəfər iştirak edib. 21-23 avqust tarixlərində Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilib.

https://sputnik.az/life/20190828/421578556/mekteb-direktorlarinin-ishe-qebulunun-novbeti-merhelesi-bashladi.html