Beynəlxalq Foruma həsr olunan poçt vərəqi dövriyyədə

“Azərmarka” MMC BMİ (Beynəlxalq Memarlar İttifaqı) Beynəlxalq Forumuna həsr olunan poçt vərəqini dövriyyəyə buraxıb.

MMC-dən Trend-ə verilən məlumata görə, poçt vərəqi 130×185 mm ölçülərində hazırlanıb və 8 markadan ibarətdir. Markaların ölçüləri isə 56×34 mm-dir. Dövriyyədə olan poçt vərəqinin tiraji 5 min nüsxə təşkil edir. Buraxılışa əlavə olaraq “Birinci gün” zərfləri 1200 ədədlə tədavülə buraxılıb.

Bu original poçt markalı vərəq “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb. Layihə Fransanın “Cartor Security Printing” çap evində işiq üzü görüb.

Qeyd edək ki, Beynəlxalq Memarlar İttifaqının və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı, eləcə də Azərbaycan Respublikasının Mədəniyyət nazirliyinin dəstəyi ilə 7-9 iyun 2019-cu il tarixlərində Bakıda, Heydər Əliyev Mərkəzində ilk dəfə olaraq “Tarixi şəhərlərdə kütləvi turizm” adlı Beynəlxalq Memarlıq Forumu keçirilib.

Forum çərçivəsində paralel olaraq 4-cü Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin, iyunun 10-da Beynəlxalq Memarlar İttifaqının Şura iclasının və iyunun 11-də növbədənkənar Baş Assambleyasının keçirilməsi qərara alınıb.