Bilet satışı ilə bağlı narazılığa aydınlıq gəldi

Buna səbəb elektrik enerjisinin 5 dəqiqə müddətinə kəsilməsi olub

Bu gün səhər saatlarında Bakı-Sumqayıt-Bakı elekterik qatarlarından istifadə edən sərnişinlər bilet satışı sistemində kart yüklənməsi ilə bağlı problemlə üzləşiblər.

“Azərbaycan Dəmir Yolları” QSC Sputnik Azərbaycan-ın bununla bağlı sorğusuna cavab olaraq bildirib ki, buna səbəb elektrik enerjisinin 5 dəqiqə müddətinə kəsilməsi olub: “Qısa müddətdə müvafiq qurumların əməkdaşları tərəfindən vəziyyət yoluna qoyulub. Sərnişinlərin ciddi narahatlığına səbəb olan hadisə baş verməyib. Onu da qeyd edək ki, yaranmış fasilənin bilet satışı sistemlərində mövcud avadanlıqlarla heç bir əlaqəsi olmayıb və bu avadanlıqlar həmişə saz vəziyyətdə saxlanılır”.

Xatırladaq ki, qatarın Biləcəridən keçən stansiyasında karta ödəniş etmək üçün əməkdaşlara müraciət edən sərnişinlər istəklərinə çatmayıblar. Stansiya əməkdaşı kartı yükləmək üçün cihazın xarab olduğunu bildirərək, sərnişinlərə əlavə bilet almağı təklif edib. Sakinlər mövcud vəziyyətin vaxtaşırı təkrar olunduğunu bildiriblər və problemin birdəfəlik həll edilməsini istəyiblər.

https://sputnik.az/incidents/20190828/421579767/bilet-satishi-ile-baqli-naraziliqa-aydinliq-qeldi.html