Bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Bərdədə 8 min ağac əkiləcək

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Bərdə rayonunda 8 min ağac əkiləcək.

Bunu Trend-ə Bərdə Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini İlham Məmmədov deyib.

Onun sözlərinə görə, bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Ağcabədi-Bəhramtəpə yolunun Bərdədən keçən hissəsində və rayonun kəndlərində yaşıllaşdırma işləri aparılacaq. Ağacların əkiləcəyi yerlər rayonun təxminən 7-8 hektar ərazisini əhatə edəcək.

RİH başçısının müavini qeyd edib ki, rayonda əsasən, meşə ağacları, az sayda isə meyvə ağacları əkiləcək.

İ.Məmmədov artıq ağacəkməyə hazırlıq üçün ərazilərin hamarlaşdırıldığını, əkin üçün lazım olan quyuların qazıldığını söyləyib.

Qeyd edək ki, dekabrın 6-da Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü həyata keçiriləcək. Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkiləcək. Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Əkiləcək ağaclar arasında həm meşə cinsli, həm də meyvə ağacları olacaq. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, əncir, qovaq, şaftalı, gavalı, alma, cökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkiləcək.