Biz birləşərək birgə hərəkət etsək, həm özümüzü, həm də xalqımızı güclü edə bilərik

Mənim doğma Azərbaycan diasporamıza öz məqsəd, vəzifə və fəaliyyətlərində birliyi və həmrəy olmağı arzulayıram. Birlik olan yerdə digər problemlər avtomatik şəkildə həll olunur: soydaşlarımız arasında razılaşma və qarşılıqlı anlaşma varsa, bütün mübahısəli məsələləri asanlıqla həll etmək olar. Ümumi məqsəd və vəzifələrimizə nail olmaq istiqamətində birliyimiz həmişə bizi vadar edir ki, qarşılıqlı kompromislərə gedək. Bir olan yerdə biz birləşmiş və yaxşı təşkil olunmuş xalqıq, fikir ayrılığı və intriqalar olan yerdə isə biz pis idarə olunan kütləyə çevrilirik. Belə kütlə halında olan insanlar yaşadıqları ölkələrdə öz hüquq və maraqlarını səmərəli şəkildə müdafiə etmək gücündən məhrum olurlar.

Birliyin vacibliyini, nə dərəcədə əhəmiyyətli olduğunu dərk edərək, mən Azərbaycan diasporasının birləşdirilməsi işində öz əməyimi heç vaxt əsirgəməmişəm, həmişə çalışmışam ki, bu istiqamətdə maksimum nəticələr əldə edək.  Ona görə də, 1988-ci ildə mənim fəal iştirakım və təşəbbüsümlə Rusiyada “Azərbaycan birliyi” adlı bizim diasporanın  ilk ictimai təşkilatı yaradıldı. “Azərbaycan birliyi”nin əsas məqsədləri, Rusiyada yaşayan azərbaycanlıların bir ictimai təşkilatın qanadları altında birləşməsi və onun təşkilati strukturunun yaxşılaşdırılması idi. Mən hələ onda çox gözəl başa düşürdüm ki, yalnız bizim fikir və hərəkətlərimizin birliyi, vəhdəti şəraitində, biz qarşıya qoyduğumuz ümumi məqsədlərimizə çata bilərik: Rusiyada yaşayan soydaşlarımızın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması,  onların Rusiya cəmiyyətinə mütəşəkkil inteqrasiyası, Rusiyanın ictimai-siyasi həyatında daha fəal iştirak etməklə, vətənimiz Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi, siyasi, humanitar və mədəni əlaqələrin yaxşılaşdırılması və möhkəmləndirilməsinə və s.

Baxmayaraq ki, bizim ilk diaspor təşkilatımız olan “Azərbaycan birliyi”nin yaradılmasından  artıq 28 il keçib, əvvəldə də olduğu kimi, “birlik” ifadəsi bizim diasporumuzun başlıca problemi olaraq qalır. Çox təəssüflər olsun ki, indiyədək, heç bir vasitə ilə soydaşlarımızı birliyin sehrli, möcüzəli qüvvəsinə inandıra bilmirik. “Bizim gücümüz-birliyimizdədir” – bəlağətli ifadəsini tez-tez eşitsək də, reallıqda daxili intriqalar və fikir ayrılığı ucbatından, təkcə Rusiyada deyil, dünyanın digər ölkələrində də fəaliyyət göstərən bizim dispora təşkilatlarımızın biri-birindən uzaqlaşması və daxildə parçalanma meylləri artır. Nəticədə, hər il gurultulu adlarla diasporanın yeni ictimai təşkilatları yaranır, lakin, diaspora fəalları arasında qarşılıqlı anlaşma və razılıq olmadığından,  bu yeni ictimai təşkilatlar köhnələrin kədərli aqibətini təkrarlayır: bir neçə il özlərini ucadan bəyan etməsinə baxmayaraq, nəticədə, daxili intriqaların qurbanı olur, fəaliyyətlərini dayandırırlar. Bu gün soydaşlarımızın yaşadıqları müxtəlif ölkələrdə rəhbərlik və ictimaiyyətə təsir dairəsinə görə, tarixi vətənimiz olan Azərbaycanın maraqlarının lobbiçiliyi məsələlərində Azərbaycan diasporu Erməni diasporundan xeyli dərəcədə geridə qalır. Azərbaycan diasporasının Erməni diasporu ilə müqayisədə təsir qüvvəsinin zəif olmasının əsas səbəbi odur ki, biz diaspor təşkilatları çərçivəsində varislik prinsipini gözləmirik, onlara əməl etmirik, nəticədə, əməllərimiz və hərəkətlərimizlə təşkilatlarımızı dağıdırıq. Vaxtilə həmvətənlərimiz-sələflərimiz tərəfindən təməli qoyulmuş ənənələri müdafiə etmək, qorumaq və möhkəmləndirmək əvəzinə, biz yeni diaspor təşkilatları yaradır,  özümüzü başçı elan edirik. Nəticədə, biz diasporanın “tikilisi yarımçıq qalmış və atılmış evləri”ni qazanmış oluruq. Zaman keçdikcə onların təməli, bünövrəsi dağılır və iz qoymadan yoxa çıxır.

Bizim diasporanın təşkilati strukturu möhkəm olsun deyə, biz yeni ictimai təşkilatlar yaradıb, “yeni təməllər” qurmaqla deyil, əksinə, bizim sələflərimiz-varislərimiz tərəfindən artıq təməli qoyulmuş təşkilatı inkişaf etdirmək və möhkəmləndirmək istiqamətində çox işlər görməliyik. Yəni, varislərimizin yaratdığı binanın üzərinə “yeni kərpiclər” qoymaq və “ümumi evimiz” olan diasporamızın tikintisini tam başa çatdırmalıyıq. Məhz, diasporamızın təşkilat strukturunda varislik və ardıcıllıq prinsiplərinə rəayət edilməməsi ona gətirib çıxarır ki, soydaşlarımızın yaşadığı ölkələrdə təsir qüvvəsi zəifləyir və biz, ümumilikdə bütün dünyaya səpələnmiş  həmvətənlərimizin hüquq və mənafelərini effektiv şəkildə qorumaq gücündən məhrum oluruq.

Bəşər sivilizasiyasının inkişaf tarixi insanların həmrəylik birliyinin strateji və həyati zəruriliyini  dəfələrlə sübut etməsinə baxmayaraq, təssüflər olsun ki, birliyimizlə bağlı ixtilaflı, ədavətli hallar bizim diasporada tez-tez baş verir. Müdrik əcdadlarımız birlik və həmrəyliyin vacibliyindən  kifayət qədər demiş və yazmışdılar: “Birliyimizdə – gücümüz, gücümüzdə – birliyimiz, birliyimizdə -qələbəmiz”; “Birləşdikdə, balasa də artaraq, böyüyür, ixtilaf zamanı isə, ən böyük və nəhəng varlıqlar dağılır”; “Maraqların birliyi olmayan yerdə, məqsəd birliyindən söz gedə bilməz, fəaliyyət birliyindən danışmaq olmaz”; “Birlik – həqiqətin məhək daşıdır” və s.

İntriqan və xəbərçi insanlar yaxşı və xeyirxah niyyətlər adı altında soydaşlarımızın ictimai təşkilatlarına soxularaq, diasporamızın birliyini dağıdırlar. Diaspora strukturlarında belələrinin təsir qüvvəsi artdıqca, bizim sıralarımızda intriqanın gücü daha da artır və nəticədə, bir-birimizi məhv edirik. Bizim birliyimiz soydaşlarımız tərəfindən razılıq, qarşılıqlı hörmət və anlayışla qarşılanarsa, onda intriqanlar geri çəkilər və diasporamızın daxilində sabitlik və möhkəm münasibətlər hokm sürər. Razılıq olan yerdə həmişə kiçik dövlətlər böyüyərək, inkişaf edir, nifaq, ixtilaf, ədavət olan yerdə isə böyük dövlətlər məhv oluraq, yer üzündən silinir.

Birliyin əsl gücünü göstərmək və soydaşlarımızı buna inandırmaq üçün, mən çoxlu sayda, saysız-hesabsız damcıların birləşməsindən əmələ gələn okeanı misal çəkmək istəyirəm. Bir və ya bir neçə damcıdan ibarət olan su tez buxarlanır. Su damcısı çoxaldıqca, ondan çaylar yaranır, çaylardan göllər, dəniz və okeanlar əmələ gəlir. Tufan su damcılarında və çaylarda deyil, məhz, böyük dənizlərdə və okeanlarda baş verir. Beləliklə, okeanlarda su damcılarının birləşməsi tufana gətirib çıxardır və heç kim güclü tufanın qarşısını ala bilmir, belə birliyin gücü qarşısında aciz qalaraq, onün öhdəsindən gələ bilmir. Birliyin gücü, hətta, poladı sındıra bilər. Ona görə də, biz birləşərək və birgə hərəkət edərək, həm özümüzü, həm də xalqımızı güclü edə bilərik. Onda Azərbaycan diasporasının təsir qüvvəsi, bu günlə müqayisədə, qat-qat güclü ola bilər.

Füzuli Məmməd oğlu Məmmədov
Beynəlxalq İctimai Birliklər İttifaqı “Dünya Azərbaycanlıları İttifaqı”nın prezidenti, “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri