BNA Avroliqanın finalı zamanı azerkeşlərin daşınması üçün nəqliyyat planı hazırlayıb

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən UEFA Avropa Liqasının final oyunu zamanı futbol turnirini izləməyə gələcək azerkeşlərin daşınması üçün nəqliyyat planı hazırlanıb.

Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onunu sözlərinə görə, plana əsasən müxtəlif istiqamətlər üzrə marşrutlar müəyyənləşdirilib, Bakı Olimpiya Stadionunun ərazisindəki nəqliyyat terminalının və şəhərin müxtəlif ərazilərində məntəqələrin layihəsi hazırlanıb və bu sahədə müvafiq işlər görülüb.

Final oyununun təşkili zamanı nəqliyyat əməliyyatlarının operativliyi və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təşkil olunması üçün BNA Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə 24 saat fəaliyyət göstərən qərargah yaradılıb.

Qərargahın fəaliyyəti bu sahədə iştirak edən dövlət qurumlarının işini əlaqələndirməklə yol şəbəkələri, nəqliyyat tələbatları və kommunikasiyalarının udarə olunmasından ibarətdir.

Qeyd edək ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununda “Çelsi” və “Arsenal” komandaları üz-üzə gələcək.