“DAİ” və “ÜAMF” Azərbaycan Demokratik Respublikasının 100-illik yubileyi münasibətilə bütün dünya Azərbaycanlılarını təbrik edir

Hörmətli həmvətənlər!

100-illik yubileyini qeyd etdiyimiz Azərbaycan Demokratik Respublikasının yaranması tarixi miqyaslı bir hadisədir. 28 may 1918-ci ildə Şərqdə ilk dəfə olaraq məhz bizim ölkəmizdə dünyəvi demokratik dövlət yaradılıb. Özü də Azərbaycan Demokratik Respublikasının (ADR) dövlət quruluşu parlament idarə forması olub ki, bu da bu gün dövlət idarəetmə sisteminin ən səmərəli forması hesab edilir. Beləliklə, bizim ölkəmiz özünün demokratik inkişafında bir çox inkişaf etmiş Avropa ölkələrini 70-75 il qabaqlayıb, çünki, onlar parlament üsul-idarəsinə yalnız İkinci Dünya Müharibəsindən sonra keçid alıblar.

Yüksək inkişaf etmiş müasir demokratik Avropa ölkələrinin dövlət və ictimai quruluşunun əsasını təşkil edən bütün demokratik dəyərlər – söz azadlığı, demokratik seçki sistemi, müstəqil məhkəmələr, bütün vətəndaşların bərabərliyi, insan hüquqlarına hörmət, xüsusi mülkiyyətin və şəxsi həyatın müdafiəsi, qorunması və s. bütün bunlar Azərbaycan Demokratik Respublikasında, hələ 100 il bundan əvvəl həyata keçirilmişdir. Ona görə də biz ADR-ın demokratik prinsiplərinə riayət və hörmət etməyə borcluyuq.

Bizim ulu əcdadlarımız – ADR-in yaradıcıları – bizə böyük bir irs qoyublar, biz bu irsi qorumalı və daha da möhkəmləndirməliyik. ADR olmasaydı bu gün xalqımızın öz müstəqil dövləti də olmazdı. Azərbaycan Demokratik Respublikasının mövcudluğuna 1920-ci il aprelin 28-də son qoyulmasına baxmayaraq, Sovet Rusiyasının XI Qırmızı ordusunun ölkəmizə müdaxiləsi nəticəsində sovet hakimiyyətinin bərqərar olmasından sonra ADR-in yerində Azərbaycan SSR yaradılmışdır ki, o da 1991-ci ilin oktyabrında özünü müstəqil dövlət kimi elan etmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin banisləri onun yolunda böyük itgilər verdilər. Xalqımızın müstəqil dövlətini yaratmaqdan ötrü onlar öz canlarını belə qurban verdilər. ADR, sözün həqiqi mənasında, xalqımızı ölümdən xilas etdi, qafqaz türklərinin fiziki məhvinin, qirğınının qarşısını aldı. Onun yaranmasına qədər Bakıda, Göyçə, Zəngəzur, Quba, Şamaxı, Lənkəran və Azərbaycanın digər rayonlarında erməni millətçilərinin xalqımıza qarşı soyqırımı təşkil edilmişdir. Ona görə də 28 May nəinki dövlət bayramı, xalqımızın əsl ümumxalq bayramı olmalıdır. Hər bir azərbaycanlı bu günü öz evində əsl bayram kimi qeyd etməlidir. Bütün azərbaycanlılar, o cümlədən, hər bir azərbaycan ailəsi, dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq, ADR-in yubileyini ən sevimli ailə bayramı kimi qeyd etməlidir.

Çox ümid edirəm ki, ADR-ın 100-illik yubileyi ərəfəsində rüşvətxor məmurlar, polislər, səriştəsiz, vicdansız hakimlər və korrupsiyaya uğramış məmurların ucbatından həbs yerlərinə göndərilən bütün günahsız soydaşlarımız azadlığa buraxılacaq. Azərbaycan Xalq Cümhuriyyəti xalqımıza müstəqillik və azadlıq bəxş etmiş və biz onun yubileyi ərəfəsində bizim bütün günahsız övladlarımıza bu azadlığı qaytarmağa borcluyuq. Bu gün Azərbaycanın böyük amnistiya aktına ehtiyacı var, belə akt həyata keçirilərsə, ciddi səbəb olmadan həbs olunmuş bütün şəxslər barədə ədalət bərpa olunmuş olar. Belə olan təqdirdə 28 May – kütləvi ümumxalq bayramına çevriləcək.

Sizi ən möhtəşəm bayram olan – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100-illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm! Sizə həyatın bütün nemətlərini diləyir, hər birinizə möhkəm can sağlığı, xeyir-bərəkət, ülvi məhəbbət, əmin-amanlıq şəraitində firavan, dinc və uzun illər xoşbəxt həyat arzulayıram! Qoy uğur həmişə nəsibiniz olsun!

ADR-ın böyük varisi olan doğma Azərbaycanımıza isə tərəqqi, sabitlik, tezliklə öz ərazi bütövlüyünün bərpa edilməsini, müstəqil dövlətçiliyinin möhkəmləndirilməsini və öz inkişafında yeni zirvələrin fəth edilməsini arzulayıram! Qoy qüdrətli müstəqil Azərbaycan dövləti ildən-ilə möhkəmlənsin, beynəlxalq aləmdə, dünya arenasında öz siyasi çəkisini və siyasi nüfuzunu artırsın, sərvət və zənginliyini çoxaltsın, bütün dövrlərə davam gətirsin!

Güclü, müstəqil, demokratik, azad və çiçəklənən Azərbaycana eşq olsun!

Çiçəklənən, demokratik və müstəqil Azərbaycan Respublikası ilə birlikdə irəli!

Səmimi hörmət və ehtiramla,

“Dünya Azərbaycanlıları İttifaqı” və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun Prezidenti, “Avropa Azərbaycan Konqresi”nin Birinci vitse-prezidenti Fizuli Məmmədov