Deputatlığa namizəd Sevil Mikayılova seçicilərlə görüş keçirib

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd Sevil Mikayılova seçkiqabağı təşviqat çərçivəsində seçiciləri ilə görüşlərini davam etdirir.

Trend-in məlumatına görə, S.Mikayılova seçki dairəsinə daxil olan Yalama, Ləcət, Susayqışlaq, Tel, Niyazoba, Nərəcən, Qımıl Qışlaq kəndlərinin, o cümlədən Xudat şəhər, Nabran, İstisu kəndlərinin sakinləri ilə görüş keçirib.

Seçicilərin yüksək fəallığı ilə keçən görüşdə S.Mikayılova Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən daxili və xarici siyasət, son illərdə Azərbaycanda reallaşdırılan uğurlu islahatlar, ölkəmizin sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, insanların sosial rifahının yüksəldilməsi barədə geniş söhbət açıb, seçiciləri maraqlandıran məsələlərə münasibət bildirib.

S.Mikayılova qeyd edib ki, Azərbaycan regionlarının inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Deputatlığa namizəd vurğulayıb ki, indiyə qədər Prezident İlham Əliyev tərəfindən təsdiq olunan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsidə Xaçmaz rayonunda da böyük quruculuq-abadlıq işləri görülüb, rayona yeni investisiyalar cəlb olunub, yeni müəssisələr yaradılb, yeni iş yerləri açılıb.

S.Mikayılova əlavə edib ki, dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər Xaçmaz rayonunun qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.

Yüksək səviyyədə keçən görüş zamanı çıxış edən seçicilər Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər və daim dövlət başçısı ətrafında sıx birləşdiklərini diqqətə çatdırıblar.

Seçicilər deputatlığa namizəd S.Mikayılovaya dəstək ifadə ediblər. Seçicilər qeyd ediblər ki, onlar S.Mikayılovanın onların etimadını doğruldacağına inanırlar və ona görə də fevralın 9-da ona səs verəcəklər.