Deputatlığa namizəd Sevil Mikayılova seçicilərlə növbəti görüş keçirib

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd Sevil Mikayılova seçiciləri ilə görüşlərini müvəffəqiyyətlə davam etdirir.

Trend-in məlumatına görə, S.Mikayılova bu dəfə seçki dairəsinə daxil olan Qusarçay kənd kənd sakinləri ilə görüşüb, həmçinin kənddə yaşayan şəhid ailələrini ziyarət edib, şəhidlərimizin xatirəsinin hər bir Azərbaycan vətəndaşı tərəfindən daim əziz tutulduğunu diqqətə çatdırıb.

Seçicilərin aktivlik nümayiş etdirdiyi görüşdə ölkəmizdə gedən inkişaf prosesi, hərtərəfli islahatlar haqqında müzakirələr aparılıb, seçiciləri maraqlandıran məsələlər dinlənilib və onların sualları cavablandırlıb.

Seçicilərlə görüş zamanı S.Mikayılova Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafı, həyata keçirilən sosial layihələr, genişmiqyaslı islahatlar, görülən işlərin uğurlu nəticələri haqqında seçicilərə ətraflı məlumat verib. S.Mikayılova bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı həyata keçirilən islahatların, sosial layihələrin müsbət təsirini öz həyatında hiss edir.

Deputatlığa namizəd vurğulayıb ki, ölkəmizin sosial-iqtisadi inkişafı Xaçmaz rayonunda da özünü aydın şəkildə biruzə verir. O qeyd edib ki, Xaçmaz rayonunda və onun kəndlərində həyata keçirilən abadlıq-quruculuq işləri, infrastruktur layihələri insanların rahat həyat şəraitini təmin etməklə yanaşı, rayonunun qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.

Görüşlər zamanı çıxış edən seçicilər də deyilən fikirlərlə razı olduqlarını bildiriblər, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən aparılan genişmiqyaslı quruculuq işlərini yüksək qiymətləndiriblər.

Seçicilər, həmçinin deputatlığa namizəd S.Mikayılovanın onların etimadını doğruldacağına inam ifadə ediblər və 9 fevralda ona səs verəcəklərini diqqətə çatdırıblar.