Dövlət Neft Fondunun 20 illiyinə həsr edilmiş poçt markaları dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC Azərbaycan Dövlət Neft Fondunun 20 illiyinə həsr edilmiş poçt markalarını tədavülə buraxıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, buraxılış 6 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Vərəqin ölçüsü 142×123 mm, markanın ölçüsü 28×40 millimetrdir. Markanın üzərində ARDNF-nin loqotipi və “20 il. Azərbaycan Respublikası Dövlət Neft Fondu. 1999-2019” sözləri yazılıb. Arxa fonda qrafik şəkildə ARDNF-nin binası, neft nasosu və neft buruğu təsvir olunub.

Dizayneri Nəriman Məmmədzadə olan poçt markaları 80 000 ədəd tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub, həmçinin 600 ədəd Birinci gün zərfi və xüsusi xatirə möhürü də hazırlanıb.