“Dünya Azərbaycanlıları İttifaqı” Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanı Ad günü münasibəti ilə təbrik edir!

Çox hörmətli Mehriban xanım!

Beynəlxalq İctimai Birliklər İttifaqı “Dünya Azərbaycanlıları İttifaqı”, Beynəlxalq İctimai Fond “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” və şəxsən öz adımdan Sizi Ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm! Sizə möhkəm can sağlığı, xoşbəxtlik, ailə səadəti və həyatın bütün nemətlərini arzulayıram!

Azərbaycanın Birinci Xanımı kimi, Siz yüksək səviyyəli beynəlxalq siyasi, mədəni, humanitar və idman forumlarında ölkəmizi ləyaqətlə təmsil edərək, Azərbaycanın nüfuzunu beynəlxalq aləmdə indiyədək görünməmiş zirvələrə qaldırmısınız.

Sizin şəxsi əməyiniz və rəhbərlik etdiyiniz Heydər Əliyev Fondu tərəfindən keçirilən çoxsaylı humanitar və xeyriyyə aksiyaları sayəsində Azərbaycan və Azərbaycanlıların imici dünya ictimaiyyətinin gözü qarşısında sürətlə yaxşılığa doğru dəyişilib. Siz YUNESKO və İSESKO-nun xoşməramlı Səfirisiniz.

Azərbaycan Milli Məclisinin deputatı olaraq, Siz doğma Azərbaycanın çiçəklənməsi və tərəqqisi yolunda əlinizdən gələni əsirgəmirsiniz. Ona görə də, Sizin ad gününüzün tarixi Azərbaycanlıların böyük əksəriyyətinin təqvimində xüsusi və sevimli rəqəm kimi qeyd olunub. Sizin gənc olmağınıza baxmayaraq, Siz çox layiqli və işıqlı ömür yolu keçmisiniz.

Azərbaycanın Birinci Xanımı olan Mehriban Arif qızı Əliyeva avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, hələ uşaqlıqdan öz istedadı və qeyri-adi talantı  ilə fərqlənirdi. M. Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 saylı orta məktəbi qızıl medalla bitirərək, N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. Mehriban Əliyeva 1988-ci ildə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-ci ildən 1992-cı ilədək Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. 1995-ci ildən başlayaraq M. Əliyeva şəxsi təşəbbüsü ilə yaradılmış Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti vəzifəsini daşıyır.

Azərbaycan mədəniyyətinin daha geniş miqyaslı təbliği məqsədi ilə 1996-cı ildə M. Əliyeva üç dildə (Azərbaycan, rus, ingilis) çap olunan “Azərbaycan – İrs” jurnalını təsis edib. 2002-ci ildə Mehriban xanım Azərbaycan Gimnastika Federasiyasının Prezidenti seçilib. Eyni zamanda, Mehriban Əliyeva Heydər Əliyev Fondunun Prezidentidir. 2004-cü il mayın 10-da bu Fondun rəsmi açılışı olub.

2004-cü il avqustun 13-də Azərbaycan şifahi xalq ədəbiyyatı və musiqi irsinin qorunub saxlanılması və inkişafı sahəsindəki fəaliyyətinə görə, M. Əliyeva YUNESKO-nun xoşməramlı Səfiri fəxri adına layiq görülüb.

28 dekabr 2004-ci ildə Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə, ona, Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib.

Mehriban xanım 2004-cü ildən “Yeni Azərbaycan” partiyası Siyasi şurasının üzvüdür.

Azərbaycanda aparılmış sosioloji sorğunun nəticələrinə əsasən, M. Əliyeva 2005-ci ildə “İlin Qadını” adına layiq görülmüşdür.

İctimai mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsi və inkişafına sanballı töhfəsinə görə, Rusiya və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi fəaliyyətinə görə, 2005-ci il iyunun 9-da M. Əliyeva Rusiyanın “Yüzilliyin Mesenatları”  Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordeninə layiq görülmüşdür.

2005-ci ildən M. Əliyeva fəlsəfə elmləri namizədidir.

Müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə görə, sivilizasiyalararası dialoq daxil olmaqla, qayğıya ehtiyacı olan uşaqlara diqqət, onların həyat şəraitinin yaxşılaşdırılması, təhsil və islam dünyasında həyata keçirilən layihələrə böyük dəstəyə görə, Mehriban Əliyeva  2006-ci il noyabrın 24-də İSESKO-nun xoşməramlı Səfiri fəxri adına layiq görülmüşdür.

Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə, Dünya Səhiyyə təşkilatı (WHO) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva bu beynəlxalq təşkilatın mükafatına layiq görülmüşdür.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində əldə etdiyi nailiyyətlərinə görə, M. Əliyeva 2007-ci ilin mayında “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülmüşdür. 14 sentyabr 2009-cu ildə Mehriban Əliyeva Azərbaycan və Polşa arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə və Polşa Respublikasının  qarşısında “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilmişdir.

2010-ci il fevralın 10-də Fransa Prezidentinin sərəncamı ilə Mehriban Əliyeva ” Şərəf Legionu” ordeninə layiq görülmüşdür.

2011-ci il, iyunun 24-də Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim edilmişdir.

Əziz Mehriban xanım!

Sizə şəxsi həyatınızda xoşbəxtlik, doğma Azərbaycanımızın tərəqqisi yolunda, ölkəmizin beynəlxalq səviyyədə tanınması istiqamətində fəaliyyətinizə və gələcək işlərinizdə uğurlar diləyirəm.

Hörmətlə,
Füzuli Məmməd oğlu Məmmədov
Beynəlxalq İctimai Birliklər İttifaqı “Dünya Azərbaycanlıları İttifaqı”nın prezidenti, Beynəlxalq İctimai Fond “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Əlaqələndirmə Şurasının sədri