Dünya Azərbaycanlıları İttifaqı, Rusiya Azərbaycanlıları İttifaqı, Dünya Azərbaycanlıları Mədəniyyət Fondu soydaşlarımızı Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Əziz soydaşlarımız!

Güclü ordu hər bir dövlətin müstəqilliyinin və əhalinin təhlükəsizliyinin təminatçısıdır. Yüksək döyüş qabiliyyətli ordusu olmayan ökənin gələcəyi yoxdur.

2016-cı ilin aprel ayında uğurlu hərbi əməliyyatlar keçirən və işğal altında olan torpaqlarımızın bir hissəsini azad edən rəşadətli ordumuz Azərbaycan Silahlı Qüvvələrinin gücünü dünyaya göstərdi. Artıq Azərbaycan Ordusu hərbi gücünə görə Güney Qafqazın ən güclü ordusudur.

Bu gün Azərbaycan əsgər və zabitlərinin yüksək professionallığı işğal altında olan bütün ərazilərimizin qısa zamanda azad olunacağını deməyə əsas verir. Biz ordumuza bu müqəddəs borcun öhdəsindən ən qısa zamanda şərəflə gəlməyi arzu edirik!

Azərbaycan Ordusunun əsası Azərbaycan Xalq Cümhuriyyəti dönəmində qoyulub. 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk birləşmələri yaradılan müstəqil ordumuz general Əliağa Şıxlinskinin başçılığı ilə çətin tarixi şəraitdə bir neçə cəbhədə vuruşaraq cümhuriyyətimizin 2 il yaşamasını təmin edib.

1920-ci ildə bolşevik qüvvələri Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratsa da sovet işğalı illərində də Azərbaycanda əsası 1918-ci ildə qoyulan hərbi ənənələr davam edib. 1992-ci ildə Azərbaycan Respublikasının müsqətilliyi bərpa ediləndən 1 il sonra yenidən Milli Ordu yaradılıb və 1998-ci ildə prezident Heydər Əliyevin fərmanı ilə 26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi bayram edilməyə başlayıb.

Bu gün yalnız professional hərbçilərin deyil, bütün Azərbaycan kişilərinin bayramıdır. 26 iyun eyni zamanda əsl vətənpərvərlərin günüdür.

Bu böyük gün münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin bütün heyətini, cinsindən, milliyyətindən asılı olmayaraq ürəyin Vətən hissi ilə döyünən bütün vətəndaşlarımızı səmimi qəlbdən təbrik edirəm, onlara qələbə sevinci, hər zaman dövlətimizin, millətimizin keşiyində şərəflə dayanmağı arzulayıram.

Əminəm ki, bizim güclü ordumuz ən yaxın gələcəkdə Azərbaycanın işğal altında olan torpaqlarını azad edərək şanlı bayrağımızı Xankəndində, Şuşada, Ağdamda, Laçında – bütün işğal edilən ərazilərimizdə dalğalandıracaq, xalqımıza qələbə sevinci yaşadacaq.

Sizi bir daha Azərbaycanın Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm, əziz soydaşlarım!

Var olsun güclü Azərbaycan! Var olsun, rəşadətli Azərbaycan Ordusu!

Dərin hörmətlə
Fizuli Məmmədov

Dünya Azərbaycanlıları İttifaqının,
Rusiya Azərbaycanlıları İttifaqının,
Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti