Fizuli Məmmədov bütün dünya azərbaycanlılarını Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edir

Hörmətli Həmvətənlər!

Şəxsən öz adımdan və Beynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı” və ”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Beynəlxalq İctimai Fondu adından bütün dünya azərbaycanlılarını Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu gün bütün azərbaycanlılar üçün çox əlamətdar dövlət bayramlarından biridir, çünki, 25 il əvvəl, 18 oktyabr 1991 ci ildə azərbaycan xalqı yenidən öz müstəqil dövlətinə qovuşdu.

Müstəqil dövlət hər bir xalqın ən böyük nailiyyəti və sərvətidir. Müstəqillik – hər bir xalqın əzəməti, qüruru və azadlığıdır. Xalq yalnız öz müstəqil dövlətində həqiqətən xoşbəxt və azad ola bilər. Buna görə də müasir Azərbaycanın Dövlət Müstəqilliyi Günü azərbaycan xalqının və dövlətçiliyinin şanlı tarixində parlaq səhifələrdən biridir.

Bu böyük bayram münasibətilə bütün dünya azərbaycanlılarını təbrik edirəm və hər birinə möhkəm can sağlığı, sülh, əmin-amanlıq və xoşbəxtlik arzu edirəm! Arzu edirəm ki, həmvətənlərimizin evində hər zaman firavanlıq olsun, onların ailəsində isə həmişə qarşılıqlı anlaşma, həmrəylik və sevgi hökm sürsün! Bütün həmvətənlərimizə bol-bol sevgi və mərhəmət arzu edir, bütün işlərində yeni zirvələrə çatmağı və uğurlara nail olmağı diləyirəm!

Müqəddəs vətənimiz Azərbaycana tərəqqi, öz ərazi bütövlüyünün bərpasını və öz dövlətçiliyinin və suverenliyinin möhkəmləndirilməsini arzu edirəm! Qoy qüdrətli Azərbaycan Dövləti möhkəmlənsin və əbədi yaşasın! Qoy müstəqil Azərbaycan ildən ilə öz zənginliyini çoxaldaraq və dünya arenasında siyasi çəkisini artıraraq daha da güclənsin! Azərbaycana öz inkişaf yolunda yeni-yeni zirvələri fəth etməsini arzu edirəm!

Yaşasın böyük, qüdrətli, müstəqil, demokratik və azad Azərbaycan!

Səmimiyyətlə və dərin hörmətlə,

Fizuli Məmməd oğlu Məmmədov
Beynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı” nın prezidenti,
”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri