Fizuli Məmmədov: “Mən 100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazıram!”

Şəhid ailələrinin problemləri yenidən Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir. Oktyabr ayının ortalarından bəri təxminən 100 şəhid ailəsi mütəmadi olaraq Milli Məclis və Azərbaycan Prezident Administrasiyası binalarının qarşısında aksiya keçirirlər. Onlar Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda həlak olmuş ailə üzvlərinə düşən təzminatların ödənilməməsindən şikayət edirlər.

 

Xatırladıram ki, Azərbaycan Prezidenti İlham Əliyev 1991-ci ildən 2 avqust 1997-ci ilə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyü üçün ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi haqqında fərman imzalayıb. Birdəfəlik ödəmələrin verilməsinə 9 oktyabrdan başlanıb. Buna baxmayaraq, bir çox şəhid ailələrinə ödəmələrdən imtina edilib.

Mən hesab edirəm ki, əgər dövlət öz öhdəliklərini vaxtında yerinə yetirə bilmirsə, belə şəraitdə Azərbaycan biznesinin, o cümlədən diasporun nümayəndələri şəhid ailələrinə kömək etməlidirlər. Öz oğullarını itirdiklərinə görə ödəmə almaq üçün çoxsaylı aksiyalar keçirən şəhid analarının alçaldılmasına qətiyyən yol vermək olmaz. Bu məsələnin ümummilli biabırçılıq səviyyəsinə çatdırılmaması üçün dərhal şəhid analarının problemlərini həll etmək lazımdır. Axı onların oğulları bizim ümumi Vətənimiz Azərbaycanı müdafiə edərkən həlak olublar. Ona görə də biz hamımız bu qadınlar qarşısında borcluyuq.

Mən hesab edirəm ki, biznes nümayəndələri vətənpərvərlik nümayiş etdirməli və şəhid ailələrinin problemlərinin həllində fəal iştirak etməlidirlər. Bunun üçün Azərbaycan hökuməti şəhid ailələrinə təzminatların ödənilməsi problemini həll etmək məqsədilə imkanlı azərbaycanlı iş adamlarını cəlb etmək üçün sərəncam verməlidir.

Şəxsən mən bu problemin həllində fəal şəkildə iştirak etməyə və Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibədə övladlarını itirmiş 100 şəhid anasına 11 min manatdan ödəmə etməyə hazıram. Hər bir şəhid anası mənim üçün doğmadır, anam və bacımdır, onlara maddi kömək göstərməyə hazıram.

Azərbaycanın əsl vətənpərvərlərinə, ilk növbədə imkanlı iş adamlarına müraciət edirəm ki, məni nümunə götürsünlər və digər şəhid ailələrinə də kömək etsinlər. O zaman bu problem həllini çox tez tapacaq.

Qarabağ müharibəsi – yalnız şəhid ailələrinin ağrısı deyil,  bütün Azərbaycan xalqının dərdidir və hamımız bu yaranı sağaltmalıyıq.

Dərin hörmətlə,

Fizuli Məmmədov

Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun və Dünya Azərbaycanlıları İttifaqının Prezidenti