Füzuli Məmmədov: “Bakıya qəhrəman şəhər adının verilməsi tarixi ədalətin təntənəsi ola bilər”

“Dünya azərbaycanlıları ittifaqı” İctimai birliklərin Beynəlxalq ittifaqının sədri Fizuli Məmmədov ilə  müsahibə:
 
– Fizuli müəllim suallara keçməzdən öncə “Dünya azərbaycanlıları ittifaqı”nın yaranmasının 10-cu ildönümü ilə bağlı Sizi təbrik etmək istəyirik. Sizə və Sizin təşkilata  başladığınız işdə ugurlar arzulayırıq. Təşkilatınızın artıq 10 yaşı var. Nə üçün bu illər ərzində  susurduz, bir çoxları kimi təşkilatınızı  reklam etmirdiniz?
– Təbrikə görə təşəkkür edirəm. Mən də Sızə və təmsil etdiyiniz mətbu orqana ugurlar arzulayıram.  Suala gəlincə bildirim ki, “Dünya azərbaycanlıları İttifaqı” İctimai birliklərin Beynəlxalq ittifaqını ( DAİ İBBİ),  Beynəlxalq İctimai fondu (BİF)və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunu (ÜAMF) reklam olunmaq məqsədi ilə yaratmamışıq. Məqsədimiz real iş görməkdir. Biz , qeyd etdiyiniz kimi  özünü reklam edən  və  şəxsi maraqları naminə işləyən təşkilatlardan deyilik.  Belə təşkilatlar uzun müddət fəaliyyət göstərə bilməz və tarixin yaddaşından silinib itər. Ancaq  real xeyriyyəçi fəaliyyət ilə məşğul olan , Azərbaycan xalqının maraqlarına cavab verən  diaspor təşkilatlar  uzun müddət çalışa bilir.  Bizim təşkilatların əsas məqsədi  dünyada çalışan azərbaycan diaspor təşkilatlarını birləşdirmək, onlara beynəlxalq status qazandırmaqdır. Biz Azərbaycandan kənarda yaşayan və çalışan həmvətənlərimizin həyatını yaxşılaşdırmaga çalışır , bu istiqamətdə töhfə vermək istəyirik. SSRİ  və əvvəlki iqtisadi sistem dağılandan sonra  bir neçə milyon azərbaycanlı öz doğma yurd yuvalarını tərk edərək Vətəndə qalan ailələrini dolandırmaq üçün pul qazanmaq məcburiyyətində qaldı və doğma yurdlarını tərk etməli oldular. Hesab edirəm ki, belə adamlara biz mütləq kömək etməliyik. Əlbəttə heç kimə “qızıl daglar” vəd etmirik , amma bütün həmvətənlərimizə yardım etməyə çalışırıq. Onlara mənəvi,hüquqi, maddi və yaşadıqları ölkənin qanunları  çərçivəsində mümkün olan digər yardımlar etməyə  səy göstəririk.
Bundan başqa , məqsədlərimizdən biri –  azərbaycanlıların  və Vətənimizin nüfuzunu qoruyub artırmaqdır. Bu baxımdan bizim məramımız Azərbaycan hakimiyyətinin ölkəmizin nüfuzunu dünya miqyasında artırmaq siyasəti ilə tam uyğun gəlir. Diaspor təçkilatları Azərbaycan  hakimiyyətinə ölkənin nüfuzunu onun kənarlarında artırmaq  işində yardımçı olmalıdır. Biz Azərbaycanla həmvətənlərimizin yaşadığı digər ölkələr arasında  əlaqələrin yaxşılaşdırılması prosesində fəal iştirak etməyə çalışırıq. Bu baxımdan  Azərbaycanla Rusiya arasında iqtisadi, humanitar və mədəni əlaqələrin , xoş qonşuluq münasibətlərinin saxlanması “Dünya Azərbaycanlıları ittifaqı” və Ümumdünya Azərbaycan Mədəniyyət fondunun əsas vəzifələrindəndir.
Biz  hay-küylü reklam kompaniyaları keçirmədən işləyirik. Bizim mediada az fəal olmağımızın səbəblərindən biri də  artıq formalaşmış və məşhurlaşmış  Ümumrusiya Azərbaycanlılar Konqresi, Rusiyada Yaşayan Azərbaycanlıların Federal Milli-mədəni Muxtariyyatı  və s təşkilatların olması idi. Son 10 ildə biz səsimizi  təşkilatlarımız arasında rəqabət  abu havası yaratmamaq üçün ucaltmırdıq. İstəmirdik ki, adını çəkdiyim təşkilatlar Dünya Azərbaycanlıları İttifaqına rəqib gözü ilə baxsınlar.  Hərçənd biz heç bir diaspor təşkilatını özümüzə rəqib saymırıq.  Çünki  DAİ uyğun nizamnaməyə məxsus , dövlət orqanlarında qeydiyyatdan keçmiş beynəlxalq təşkilatdır. Hələ  10 il bundan qabaq – Dünya Azərbaycanlıları İttifaqı yaradılarkən azərbaycanlıların bütün diaspor təşkilatlarına bizim ittifaqa daxil olmağı və vahid güclü təşkilatda birləşməyi təklif etdik.  Bizim təşkilatın qapıları bu təşkilatların  üzünə həmişə açıqdır.

– Siz Azərbaycan diasporlarının birləşdirilməsindən danışırsız. Amma təəssüf ki, Rusiya Azərbaycanlılarının Federal Milli-mədəniyyət Müxtariyyəti (Azər-Ros) daxili intriqalar ücbatından  faktiki  parçalanmaq həddinə çatıb. Bununla bağlı nə deyə bilərsiniz?

– Biz azərbaycanlıların hörmətli və nüfuzlu diaspor təşkilatlarından biri olan “Azər-Ros” ətrafında  münaqişənin yaranmasından çox narahatıq.  Martın əvvəlində biz bu təşkilatın rəhbərlərinə və nüfuzlu üzvlərinə açıq müraciət edərək Dünya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycanlıları Mədəniyyət Fondunun ətrafında birləşməyə,  yaranmış fikir ayrılıqları ilə bağlı birgə çıxış yolları axtarmağa , “Azər-Ros”-un dağılmasının   və Rusiyada Azərbaycan diasporaları arasında əlaqəsizliyin yaranmasının qarşısını almağa çağırdıq.  Biz ədalətli vasitəçi  olaraq “Azər-Ros”-un rəhbərləri və üzvlərinin bir məcrəyə gətirəcək toplantı keçirmək üçün tələb olunan bütün təşkilatı və maliyyə məsələlərini boynumuza götürməyə belə hazırıq.  Bizim üçün “doğma” və ya “yad”, “kiminsə tərəfdarı” və ya”əleyhədarı” olmaq anlayışı yoxdur. Bizim  üçün vahid Azərbaycan xalqı var . Biz ayrı-ayrı şəxsiyyətlər deyil xalqın naminə çalışmalıyıq.  Dünya ictimaiyyətinin gözləri qarşısında Rusiyada yaşayan azərbaycanlıların nüfuzlu diaspor təşkilatının liderləri arasında yaranan münaqişəli durum bizdə ürək ağrısı yaradır. Bu təşkilat hətta deyərdim ki,  həmvətənlərimizin dünyada olan ən iri diaspor təşkilatlarından biridir. Öz şəxsı ambisiyalarımız barədə  deyil azərbaycanlıların Rusiya cəmiyyətindəki nüfuzu haqqında düşünmək lazımdır.

Dünya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycanlıların Mədəniyyət  Fondu hesab edir ki, “Azər-Ros” daxilində mövcud  münaqişəni aşağıdakı şərtlərə əməl etməklə həll etmək olar. Əvvəla, bu münaqişəni həll edərkən mütləq “Azər-Ros” təşkilatının özlərindən asılı olmayaraq  daxili intriqalara cəlb edilmiş  bütün rəhbərləri və nüfuzlu üzvlərinin maraqları çərçivəsində addımlar atılmalıdır.İkincisi –KİV təmsilçilərini işə qatmaqla bu münaqişəni geniş ictimai müzakirəyə cıxarmağın qarşısı alınmalıdır. Üçüncüsü , daxili hörmət və etimad abu-havasını bərpa etmək üçün  münaqişənin bütün tərəfləri Azərbaycan xalqının milli ənənələrinə sadiq qalaraq  yaşlı nəslin nümayəndələrinə  hörmətlə yanaşmalı, yaşlı nəslin  təmsilçiləri isə öz növbəsində  cavan kadrlara yol açaraq  ümumi iş naminə kompromisə getməyə hazır olduqlarını nümayiş etdirməlidirlər.  Bizim hərəkətlərimizin kökündə ancaq ağsaqqalarımıza xas olan müdriklik və öncəbilənlik, gənclərimizə xas enerjilik və məqsədyönlülük durduğu halda bizim diaspor təşkilatlarımız səmərəli fəaliyyət göstərə bilər.

Amma bizim ağsaqqallar əksinə öz hərəkətləri ilə münaqişəni dərinləşdirəcəksə, intriqanı alovlandıracaqsa,  küsmüş və hiddədlənmiş gənclik  isə cavab olaraq  məsələni ictimailəşdirəcəklərsə biz bütün dünyada daha da rüsvay olacaq və Rusiya ictimaiyyətinin  gözündə azərbaycanlıların  nüfuzunu aşağı salacağıq.

– Bu ilin payızında Azərbaycanda parlament seçkiləri keçirilməlidir. Sizin təşkilatlar bu seçkilərdə iştirak edəcəkmi?

– Birmənalı bəyan etmək istəyirəm ki, nə mən, nə də bizim yaratdığımız ictimai təşkilatlar Azərbaycanda gedən siyasi proseslərə qarışmaq niyyətində deyil. Dünya Azərbaycanlıları İttifaqı ,Ümumdünya Azərbaycanlılarını Mədəniyyət Fondu  siyasi struktur deyil, bizim diasporalar daxilində mövcud problemləri həll etmək üçün yaradılmış ictimai qurumlardır. Biz öz  hərəkətlərimizlə azərbaycanlıların Rusiyanın və başqa ölkələrin ictimai-siyasi həyatında daha fəal iştirakını təmin etməyə çalışacağıq.

– Fizuli müəllim Dünya Azərbaycanlıları İttifaqının yaxın gələcək üçün nə kimi planları var?  

– Söhbətimizin əvvəlində toxunduğum məsələlərdən savayı Dünya Azərbaycanlıları İttifaqı azərbaycanlı deputatların Bakıya qəhrəman şəhər adı verilməsi ideyasının reallaşdırılması istiqamətində fəallıq göstərmək niyyətindədir. Bizim təşkilatın Ali Şurasi  martın 7-də Moskvada keçirilən toplantıda Azərbaycan Milli Məclisinin deputatlarının SSRİ-nin sələfi olan Rusiyaya  Bakıya qəhrəman şəhər adı verilməsi barədə müraciətini yekdilliklə  dəstəklədi.  Biz bu məsələdə azərbaycanlı millət vəkilləri ilə həmrəyik və hesab edirik ki, bu qərar tarixi ədalətə xidmət etmiş olar.  Bakıya  qəhrəman şəhər statusu verməyin zamanı çatıb. Azərbaycan parlamentinin bu təklifini reallaşdırmaq məqsədi ilə aprelin əvvəllərində Dünya Azərbaycanlıları İttifaqı  Rusiya ictimaiyyəti və KİV-in diqqətini bu ideyaya cəlb etmək üçün  Rusiya və xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirmək niyyətindədir. Bu mətbuat konfransı çərçivəsində  çoxmillətli Azərbaycanın Böyük Vətən müharibəsində iştirakına dair broşürlər, bukletlər, fotoalbomlar nümayiş etdirməyi planlaşdırmışıq.
Mən Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərovun “Böyük Vətən müharibəsində qələbə həmçinin Azərbaycan neftçilərinin əməyi və Bakı nefti hesabına əldə edilib”  sözləri ilə tam razıyam. Dünya azərbaycanlıları İttifaqının  Ali Şurasının  üzvləri hesab edir ki, Böyük Vətən müharibəsində SSRİ-nin qələbə calmasında Sovet Azərbaycanının  böyük xidməti olub. Sovet İttifaqı hitler Almaniyası ilə müharibədə sovet əsgəri , xalqların dostluğu və birliyi, sovet  sərkərdələrinin bacarığı və Bakı nefti hesabına qələbə çalıb.
Mən dəfələrlə bildirmişəm ki, Azərbaycan,  SSRİ-nin Böyük Vətən müharibəsindəki qələbəsində çox vacib rola malikdir.  Bakının neft yataqları  bütün SSRİ iqtisadiyyatı üçün  əsas neft mənbəyi olub. SSRİ-də hasil edilən neftin 85%-i Azərbaycanın payına düşüb. Odur ki, faşist Almaniyası  Bakının neft yataqlarına xüsusi önəm verib . Qafqaz uğrunda döyüşlərin əsas məqsədi Bakı və Bakının neft-qaz rayonlarına nəzarəti ələ keçirmək idi.
Bu tarixi faktı mübahisələndirmək olmaz. Azərbaycan SSR-nin əhalisinin 3,4 milyon nəfər olmasına baxmayaraq 1941-ci ilin iyun ayınin əvvəlinə Azərbaycandan  cəbhəyə 681 min nəfər, o cümlədən 10 min qadın yola düşmüşdü. 300 mindən çox azərbaycanlı döyüş  zamanı həlak olmuşdu. Hərbi hissələr üçün Azərbaycandan çıxmış  15 min tibb bacısı və sanitar işçi, 750 rabitəçi, 3 min  sürücü  hazırlanmışdır.  Sovet Azərbaycanından  göndərilən  əsgərlər  Böyük Vətən müharibəsinin ən qızğın nöqtələrində , Brest qalası uğrunda döyüşdə, Leninqrad və Moskvanın mühafizəsində iştirak etmişlər. Həlledici  sayılan Stalinqrad, Qafqaz, Kursk döyüşlərində Sovet Azərbaycanından olan əsgərlər xüsusi fədakarlıq göztərib. Bundan başqa azərbaycanlılar  Krim yarımadasında, Baltikyanı respublikaların və Şərqi Avropanın azad edilməsi, Berlinin azad olunması uğrunda döyüşlərdə  fəal mübarizə aparıb. Sizə bir maraqlı fakt gətirim. Berlin alınandan sonra onun rayonlarından birinin komendantı  bizim həmvətənimiz  – müharibə  zamanı hücum batalyonuna rəhbərlik edən  məşhur Azərbaycan akademiki, tarixçi Ziya Bünyadov olub.

SSRİ-nin ikinci dünya müharibəsində qələbəni  məhz  Bakı nefti hesabına təmin etdiyini artıq hamı qəbul edir. Bu müharibədə  döyüş texnikasından kütləvi istifadə edildiyi üçün hərbi ekspertlər onu “motorlar müharibəsi” adlandırır.  Məhz buna görə, biz hesab edirik ki, Böyük Vətən müharibəsindəki qələbənin 70 illiyini bütün dünya ictimaiyyəti tərəfindən qeyd ediləcəyi  ərəfədə Bakıya qəhrəman şəhər adının verilməsi tarixi ədalətin təntənəısi ola bilər.

Mehman Qafarlı,
Andrey İvanov

ANN.Az: http://ann.az/az/fzuli-memmedov-bakya-qehreman-seher-adnn-verilmesi-tarixi-edaletin-tentenesi-ola-biler/#.V8P60fmLSM9