Gələn il məktəb laboratoriyaları üçün avadanlıqların alınmasına 7 milyon manatdan çox pul sərf ediləcək

Gələn il orta məktəblərdə tədris laboratoriyaları üçün avadanlıqların alınmasına 7 milyon manatdan çox maliyyə vəsaitinin sərf edilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu, Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində öz əksini tapıb.

Bu layihələrə əsasən, 2020-ci ildə təhsil xərclərinin 7,5 milyon manatı ümumtəhsil məktəblərinin tədris laboratoriyalarına (fizika, kimya, biologiya) avadanlıqların alınması ilə bağlı xərclərə sərf ediləcək.

2020-ci il üçün dövlət büdcəsindən təhsil xərclərinə 3155,8 milyon manat vəsait ayrılıb ki, bu da 2019-cu ilə nisbətən 873,6 milyon manat və ya 38,3 faiz çoxdur.

2020-ci ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,7 faiz təşkil edəcək ki, bu da 2019-cu ilə nisbətən 2,6 faiz-bənd çoxdur.