Həcc ziyarətinə getmək üçün 2500 nəfər sənəd verib

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinə qoyulan limit dolmaq üzrədir.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə bildiriblər ki, bu il Azərbaycana Həcc ziyarəti üçün ümumilikdə 2600 nəfərlik yer ayrılıb.

Bununla əlaqədar QMİ-yə artıq təxminən 2500 nəfər sənədlərini təqdim edib. Hazırda limitin dolmasına çox az, cəmi 80-100 nəfərlik yer qalıb.

QMİ-dən onu da bildiriblər ki, əslində sənədlərin qəbulu üçün ilkin olaraq qoyulan son müddət çoxdan bitib. Lakin limit tam dolmadığından bu müddət avqust ayının sonunadək uzadılıb. Ona görə də, vaxtın azlığını nəzərə alaraq QMİ Həcc ziyarətinə getmək istəyənlərə tələsməyi və sənədləri tezliklə təqdim etməyi tövsiyə edir. Bunun üçün vətəndaşlardan passport, şəxsiyyət vəsiqəsinin surəti, 3×4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.

İdarə həmçinin vətəndaşları xəbərdar edir ki, Həcc ziyarətinə səfərlə əlaqədar sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Bu ad altında vətəndaşlardan pul və sənəd toplayanlarla bağlı faktlar olduqda dərhal İdarəyə xəbər verilməsi xahiş edilir.

Bu dəfə zəvvarlara iki formada ziyarət təklif olunur. Daha yaxşı şəraitli mehmanxanalarda qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən mehmanxanalarda 4 nəfərlik otaqlarda yerləşdirmə variantının xərci 5750 ABŞ dolları, məhdud şəraitli, 5-6 nəfərlik otaqlı mehmanxanalarda yerləşmək variantı isə 4700 dollardır.

Bildirilib ki, bu il Azərbaycandan Həcc ziyarətinə təyyarə ilə səfərlər 11-15 sentyabr tarixlərində həyata keçiriləcək. Yaxın Şərqdə münaqişə ocaqlarının çoxluğu ilə əlaqədar bu il avtobuslarla ziyarət marşrutu olmayacaq, səfər yalnız təyyarə reysləri ilə baş tutacaq.

Qeyd edək ki, bu il Müqəddəs Qurban bayramının sentyabrın 24-nə təsadüf edəcəyi gözlənilir.