Hazırda istismar olunan nəqliyyat vasitələrinin 19,1 faizinin istehsal tarixi 30 ildən yuxarıdır

Azərbaycanda hazırda istismar olunan 1 milyon 402 mindən artıq nəqliyyat vasitəsindən 35%-nin istehsal tarixi 10 ildən, 23%-nin istehsal tarixi 20 ildən, daha 19,1%-nin istehsal tarixi isə 30 ildən yuxarıdır.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

M.Babayev bildirib ki, 2016-cı illə müqayisədə 2018-ci ildə avtomobil idxalı 5 dəfədən çox artıb.

Nazir vurğulayıb ki, nəqliyyat sektorundan atmosferə zərərli təsirlərin azaldılması üçün ölkənin avtomobil parkının yenilənməsi, habelə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini təşviq edən müxtəlif vergi, gömrük güzəştləri, subsidiyaların tətbiq edilməsi səmərəli ola bilər.

“Ölkədə ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanır. Havanın çirklənməsinə səbəb olan əsasən köhnə müəssisələr olur. Azərbaycanda demək olar ki, köhnə müəssisələr qalmayıb, yeni müəssisələr, yeni zavodlarda isə yeni texnolgiyaların tətbiqi nəticəsində atmosferə zərərli maddələrin buraxılması minimuma endirilir. Əlbəttə harada sənaye varsa, orada tullantı olmalıdır. Ancaq bizim məqsədimiz tullantıların səviyyəsini minimuma endirməkdir”.