Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı, Azərbaycan xalqının xilaskarıdır!

Bu gün Azərbaycan tarixində ən kədərli günlərindən biridir. Düz 13 il bundan əvvəl, dekabrın 12-si 2003-cü ildə Amerikanın Klivlend şəhərindəki klinikada, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vəfat edib. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin tarixində ən parlaq şəxsiyyətdir. Onun xidmətləri xalqımızın tarixi və taleyində əvəzedilməzdir. Məhz Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və xalqımızın xilaskarıdır. O, hələ sağlığındakən canlı əfsanəyə çevrilmiş, əsl xalq lideri, görkəmli siyasi və dövlət xadimi olmuşdur. 1993-cü ildə Heydər Əliyev, sözün əsl mənasında, Azərbaycanı məhv olmaqdan xilas edərək, ölkədə tənəzzülü, iqtisadi böhranı dayandırmış, onun dağılmasının qarşısını almışdır. Müstəqil Azərbaycanın tarixi taleyi qırılmaz tellərlə məhz H. Əliyevin adı, onun gördüyü böyük işlərlə  bağlıdır. Ölkənin iqtisadi dirçəlişi, hərbi-siyasi sahələrin inkişafı, mədəniyyət və incəsənətin bərpası, intibahına görə bütün Azərbaycan xalqı Heydər Əliyevə minnətdardır.

Xatırladım ki, Azərbaycan dövləti 1993-cü ilin iyununda dağılmaq və dünyanın siyasi xəritəsindən birdəfəlik silinmək ərəfəsində idi. Məhz həmin dövrdə Azərbaycan xalqı yeganə çıxış yolunu Heydər Əliyevin qayıdışında görür və Onun Azərbaycanda böyük siyasətə qayıtmasını təkid və inadla tələb edirdilər.

Xalq öz taleyini yenidən Heydər Əliyevə etibar etməklə, Onun hakimiyyətə qayıdışını əsl bayram kimi qeyd etdi. Heydər Əliyev isə, öz növbəsində, hakimiyyətə ikinci gəlişini intizar və və sevinclə qözləyən Azərbaycan xalqının ümid və inamını, onların etimadını tam doğrultdu. Onun səyləri, təcrübəsi və istedadı sayəsində, Azərbaycan qısa bir müddət ərzində iqtisadi, hərbi-siyasi böhrandan  çıxaraq, sürətlə inkişaf etməyə başladı. Ona görə də, Azərbaycan xalqının xahişi və təklifi ilə Heydər Əliyevin böyük siyasətə və hakimiyyətə qayıdışının rəsmi şəkildə bayram kimi keçirilməsi təsdiq olundu və hər il iyunun 15-i Respublikada Milli Qurtuluş günü kimi qeyd edilir.

Heydər Əlirza oğlu Əliyev çox şərəfli bir ömür yolu keçib. O, 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan pedaqoji texnikumunu bitirdikdən sonra, Azərbaycan Sənaye institutunun memarlıq fakültəsində (indiki Azərbaycan Dövlət Neft Akademiyası) təhsilini davam etdirib. Amma başlanan müharibə Ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci ildən etibarən Heydər Əliyev Naxçıvan MSSR-nın Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş, 1944-cü ildən isə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Bu dövrdən başlayaraq, təhlükəsizlik orqanları sistemində işləyən H. Əliyev, 1964-cü ildə sədr müavini vəzifəsinə,  1967-ci ildən isə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində təyin edilib. Tez bir zamanda, ona general-mayor rütbəsi verilmişdir. Həmin illərdə H. Əliyev təhsilini davam etdirmək məqsədi ilə, Leninqrada (indiki Sankt-Peterburq şəhəri) göndərilmiş, orada xüsusi ali təhsil alaraq, Bakıya qayıtmış və 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirimişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul Plenumunda H. Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilərək, Respublikaya rəhbərlik etməyə başladı. Heydər Əliyev 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilərək, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsinə təyin edildi və SSRİ-nin rəhbərlərindən biri olaraq fəaliyyətə başladı. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı olmuş və beş il SSRİ Ali Soveti Sədrinin müavini vəzifəsində çalışmışdır.

Əliyev 1987-ci ilin oktyabr ayında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun apardığı siyasətə etiraz əlaməti olaraq, tutduğu vəziflərdən istefa verib. O, 1990-cı il yanvarın 20-də Sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, ertəsi gün Azərbaycanın Moskvadakı Nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı edilən qanlı cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı, SSRİ rəhbərliyinin apardığı ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, H. Əliyev 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin il Azərbaycan Ali Sovetinə deputat seçilib. H. Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycan Respublikası Ali Soveti Sədrinin müavini vəsifələrində çalışıb. Heydər Əliyev 1992-ci ildə “Yeni Azərbaycan” partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın Sədri vəzifəsinə seçilib.

1993-cü ilin may-iyun aylarında ölkədə yaranmış hökumət böhranı nəticəsində baş verə biləcək vətəndaş müharibəsi və müstəqilliyimizi itirmək təhlükəsi qarşısında, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə çıxış etdi. Azərbaycanın o vaxtkı rəhbərləri məcburiyyət qarşısında qalaraq, Heydər Əliyevi rəsmi şəkildə Bakıya dəvət etdilər. H. Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Həmin il, yəni 1993-ci il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Beş il sonra isə, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə seçicilərin 76,1% səsini qazanaraq, H. Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev, səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina etdi.

Müstəqil Azərbaycan dövlətinin Prezidenti vəzifəsində 10 il çalışan Heydər Əliyev köklü islahatlar apararaq, Azərbaycan dövlətçiliyini yenidən bərpa etmişdir. O, dağılmış bir ölkəni dirçəldərək, gərgin əməyi və zəhməti bahasına Azərbaycanı həyat qabiliyyətli müstəqil bir  dövlətə çevirmiş və bizlərə miras qoymuşdur. Azərbaycanın bugünkü inkişafının təməli məhz ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Azərbaycanı sevməyən bədxah qonşuların çoxsaylı maneələrə baxmayaraq, 20 sentyabr 1994-cü ildə “Azəri”, “Çıraq” və “Günəşli” neft yataqlarının işlənilməsi üçün Bakı şəhərində məşhur “Əsrin Müqaviləsi” imzalanmışdır. Dünyanın böyük neft biznesi Azərbaycana inanaraq, onun siyasi sabitliyini qiymətləndirərək, ölkəmizə çox böyük investisiyalar qoymaq qərarına gəldilər. Belə müqavilənin bağlanmasını  çox ölkələr arzulayırdı. Ancaq aparılan danışıqları reallığa çevirmək yalnız Heydər Əliyevə nəsib oldu. O, “Əsrin Müqaviləsi”ni bağlamaqla, neftlə bağlı bir sıra layihələrin həyata keçirilməsini reallaşdırdı və Azərbaycanın böyük neftinin istifadəsi üçün əlverişli şərait yaratdı.

Heydər Əliyev Vətənini sevən əsl dövlət xadimi idi. O, Azərbaycanın gələcək nəsillərini düşünür, onların işıqlı gələcəyi və firavanlığı üçün əlindən gələni əsirgəmirdi.

Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkə universitetlərinin fəxri doktor adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, beş dəfə “Lenin” ordeni, “Qırmızı Ulduz” ordeni və çoxlu medallarla təltif edilmişdir. H. Əliyev iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medallarına layiq görülmüşdür.

Allah rəhmət eləsin!

Füzuli Məmməd oğlu Məmmədov

“Dünya Azərbaycanlıları İttifaqının” prezidenti,

“Dünya Azərbaycan Mədəniyyət Fondunun” prezidenti,

“Avropa Azərbaycan Konqresinin” birinci vitse-prezidenti.