Hikmət Hacıyev: Bu günə qədər 10 minə yaxın Azərbaycan vətəndaşının xarici ölkələrdən təxliyəsi həyata keçirilib

Bu günə qədər 10 minə yaxın Azərbaycan vətəndaşının xarici ölkələrdən təxliyəsi həyata keçirilib.

Trend-in məlumatına görə, bunu xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı brifinqdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, vətəndaşlar tərəfindən ifadə olunan anlayışlar çox yüksək qiymətləndirir:

“Evakuasiya tədbirlərin həyata keçirilməsində azyaşlı uşaqlara, uşaqlı qadınlara üstünlük verilir. Amma onların 14-21 gün ərzində karantində olması labüddür. Azərbaycanda həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu yaxınlara qədər ölkədə karantin xaricdən gələn xəstələrə idi. Hər bir vətəndaşımızın öz ölkəsinə gəlmək haqqı var və bunun üçün dövlət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. Amma vətəndaşların xarici ölkələrdə karantində qalması üçün şərait varsa, orada qaydalara.əməl etməsi vacibdir”.

Prezidentin köməkçisi qeyd edib ki, nəqliyyat əlaqələri, aviauçuşlar dayandırılıb:

“Azərbaycan Hava Yolları ilə 10 minə yaxın vətəndaşımızın ölkəmizə təxliyəsi həyata keçirilib. Bu kimi təxliyənin həyata keçirilməsi böyük koordinasiya tələb edir. Vətəndaşlarımızın bir toplama məntəqəsinə gətirilməsi, təyyarədə gigiyenik qaydalara riayət edilməsi özündə kompleks tədbirləri ehtiva edir. Hər bir vətəndaşımızın öz ölkəsinə gəlmək hüququ var və dövlətimiz də bu çətin şəraitdə vətəndaşlarımızın gətirilməsi üçün zəruri tədbirlər həyata keçirir. Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin qayğısı nəticəsində 10 minə yaxın vətəndaşımızın təxliyəsi həyata keçirilib. Azərbaycan dövləti vətəndaşlarının yanındadır”.

Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.