İlham Əliyev qeyri-neft sektorunun inkişafından danışdı

Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq.

Azunion.org bildirir ki, bunu yanvarın 16-fa Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edən prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə deyib.

Dövlətimizin başçısı ölkəmizdə qeyri-neft sənayesinin sürətlə artdığını bildirib: “Keçən il 9,1 faiz artmışdır. Bu, onu göstərir ki, sənayeləşmə prosesi uğurla gedir. Keçən ilin yayında Sumqayıtda “SOCAR Polymer” müəssisəsinin birinci mərhələsi fəaliyyətə başladı. Bu il onun ikinci mərhələsi fəaliyyətə başlayacaq. Burada da ixracyönümlü çox gözəl məhsul istehsal olunacaq. Eyni zamanda, daxildə polipropilen, polietilendən istehsal olunacaq hazır məhsul da satışa buraxılacaq. Biz yenə də idxaldan asılılığı aradan qaldıracağıq. Bu zavodlarda yüzlərlə yeni iş yeri yaradılır. Mənə verilən məlumata görə, karbamid zavodunda 500 iş yeri yaradılacaq və burada işləyəcək insanların mütləq əksəriyyəti yerli vətəndaşlardır, onların əksəriyyəti gənclərdir. Yəni, orada çalışan insanların orta yaş səviyyəsi təqribən 30-35 arasındadır. Bax, görülən bu işlərin nəticələri budur”.

İlham Əliyev qeyd edib ki, ölkəmizin uğurlu inkişafı üçün belə böyük müəssisələrin çox böyük əhəmiyyəti var: “Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq. Qeyd etdiyim kimi, qeyri-neft sənayesində 9,1 faiz artım çox böyük göstəricidir. Əlbəttə, Azərbaycan bu layihələri xarici tərəfdaşlarla həyata keçirərkən bizim beynəlxalq əlaqələrimiz də möhkəmlənir. Bu gün Azərbaycan o ölkədir ki, bu ölkəyə həm xarici sərmayə qoyulur, həm banklar böyük məmnuniyyətlə vəsait ayırır. Çünki bilirlər ki, onların vəsaiti batmayacaq. Bilirlər ki, Azərbaycanın kifayət qədər böyük maliyyə resursları var. Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur. Bax, bu gözəl vəziyyət imkan verir ki, biz tərəfdaşları, xarici bankları cəlb edək. Ancaq, eyni zamanda, bizim siyasətimiz ondan ibarətdir ki, xarici dövlət borcumuzu aşağı salaq. Necə ki, keçən il ərzində xarici dövlət borcu 22,8 faizdən 19 faizə düşübdür və bu il daha da düşəcək.

Mən çox şadam ki, bu gözəl müəssisə Sumqayıt şəhərində yaradılıb. Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Sumqayıtın sənaye potensialının möhkəmləndirilməsi üçün çox böyük işlər görülüb. Mənim təşəbbüsümlə Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Sənaye Parkı yaradılıb və 2017-ci ildə karbamid zavodu parkın rezidenti olubdur. Hazırda Sumqayıt Kimya Sənaye Parkında 18 rezident var. Onlardan 10-u fəaliyyət göstərir, artıq 11-ci rezident – karbamid zavodu da fəaliyyətə başlamışdır. Sumqayıt Kimya Sənaye Parkına qoyulan və qoyulacaq ümumi sərmayə təqribən 3 milyard dollara yaxındır. Bu, həm Sumqayıtın iqtisadi-sənaye potensialını gücləndirir, həm də iş yerlərinin yaradılmasına xidmət göstərir. Sumqayıtın ümumi inkişafı, o cümlədən ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Sumqayıt bu gün parklar, bağlar, xiyabanlar şəhəridir, gözəl bulvar salınıb, binaların dam örtükləri təmir olunur. Ümumiyyətlə, indi Sumqayıtın müasir görkəmi çox müsbətdir. Bu zavod da ekoloji baxımdan çox təmiz bir zavoddur. Mənə verilən məlumata görə, havanı çirkləndirən heç bir maddə olmayacaq”.