İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir.

Bunu Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu günə kimi əldə etdiyi bütün siyasi, iqtisadi, hərbi və diplomatik uğurlarının əsasında milli həmrəylik, milli birlik, xalq-iqtidar birliyi amili dayanıb. Bu birlik və həmrəylik müxtəlif dövrlərdə ölkəmizin həyatında ən mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyə, bütün sınaqlardan çıxmağa imkan verib: “Hesab edirəm ki, milli həmrəylik və birlik Azərbaycanı koronavirus sınağından da uğurla çıxmasını şərtləndirən əsas amillərdən biri hesab olunur. Azərbaycan hökumətinin ölkədə COVİD-19 virusunun geniş yayılmasının qarşısını alan tədbirlər görməsi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olub”.

İ.Hüseynov əlavə edib ki, ötən dövr ərzində koronavirusla mübarizə sahəsində çox önəmli addımlar atılıb. Görülən bütün işlər, qəbul edilmiş önəmli qərarlar virusun geniş ərazilərə yayılmasının qarşısını almaq, az itkilərlə sınaqdan çıxmaq və maksimum dərəcədə vətəndaşlarımızı qorumaq məqsədi güdür.

Politoloq qeyd edib ki, Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır, onun təhlükəsizliyini və sağlamlığını qorumaq üçün bütün imkanlarını səfərbər edir.

İ.Hüseynov bildirib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna qısa müddətdə 90 milyon manadan artıq vəsaitin yığılması Azərbaycan xalqının necə müdrik və böyük xalq olduğunu, ən ağır dövrdə dərhal birləşə bildiyini bir daha əyani şəkildə nümayiş etdirdi:

“Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi “Biz birlikdə güclüyük!” fikri artıq geniş ictimaiyyət arasında şüara çevrilib. Bu şüar koronavirus COVİD-19 infeksiyası ilə mübarizənin gərgin günlərində səslənməsinə rəğmən, hesab edirəm ki, hələ uzun illər qüvvədə olacaq. Çünki bizə birləşmək, həmrəy və həmfikir olmaq hər zaman lazımdır”.

Politoloqun qənaətincə, koronavirusla mübarizədə dövlətin gördüyü genişmiqyaslı işlər, fədakar həkimlərimizin gərgin əməyi, xalqımızın birlik və həmrəyliyi, həmçinin vətəndaşlarımızın məsuliyyəti bu çətin sınaqdan az itkilərlə çıxmağa imkan verəcək:

“Bu çətin dönəmdə hamı bir olmalı, məsuliyyəti dərk etməli, özünü, yaxınlarını və ətrafındakıları qorumalı, qəbul olunan qərarlara laqeyd yanaşmamalı, məsuliyyət, iradə və əzm nümayiş etdirməlidir. Müdrik xalqımız bu çətin sınaqdan da başıuca çıxacaq”.