Bizim diasporumuz ‘’millətin qanadları’’ kimi azərbaycan istehsalçılarına öz mallarını yeni bazarlara çıxartmaqda kömək etməlidir

Dünyadakı iqtisadi böhran və neftin qiymətinin düşməsi bir çox ölkələrin, o cümlədən doğma Azərbaycanın və iki milyona yaxın soydaşımızın yaşadığı və çalışdığı dost Rusiyanın da iqtisadiyyatına güclü zərbə vurdu. Nəticədə həmvətənlərimizin xaricdən doğma respublikaya göndərdikləri pul vəsaitlərinin həcmi 2 dəfə azaldı.

Eyni zamanda istənilən böhran, o cümlədən iqtisadi böhran bəşəriyyətin inkişafı yolunda yeni imkanlar yaradır, insanları təkmilləşməyə, daha yaxşıya doğru dəyişməyə və ortaya çıxan maneələri aşmaqda yeni üsullar tapmağa məcbur edir. İqtisadi böhran həm də istənilən diasporun həyatında rol oynayır, həm diaspor daxilindəki münasibətlərdə, həm də diasporun doğma vətənlə münasibətlərində yeni gerçəkliklər yaradır. Bu baxımdan bizim həmvətənlərimizin doğma Azərbaycanla qarşılıqlı münasibətləri də istisna deyil.

Hazırki dünya iqtisadi böhranı və neftin qiymətinin düşməsi şəraitində azərbaycan diasporu doğma respublikaya yalnız öz yaxınlarına və doğmalarına pul göndərməklə yox, həm də öz yaşadıqları ölkələrin bazarlarına azərbaycan məhsullarının çıxarılmasına dəstək verməklə kömək etməlidir. Bu məsələ bu gün Azərbaycan üçün çox mühümdür və hətta strateji xarakter daşıyır. Oktyabrın əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Mən hesab edirəm ki, President İlham Əliyevin bu fərmanının həyata keçirilməsində azərbaycan diasporu daha fəal iştirak etməlidir.

Heç kəsə sirr deyil ki, bizim həmvətənlərimizin çoxu dünyanın əksər ölkələrində öz bizneslərini məhz ticarət və ictimai iaşə sahəsində qurublar. Əgər bizim hər birimiz öz müəssisələrimizdə mümkün qədər daha çox azərbaycan məhsulu satmağa çalışsaq, bu Azərbaycanda məhsul istehsalını və xarici ölkələrə ixracı əhəmiyyətli dərəcədə artırar və bununla da doğma respublikaya stabil valyuta vəsaitlərinin daxil olmasına imkan yaradar. Beləliklə də, biz azərbaycan mənşəli məhsulların realizasiyasına kömək edərək yerli malların istehsalını artırmaq yolu ilə Azərbaycanda yeni iş yerlərinin yaradılmasına və işsizliyi azaltmaqla əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına, həmçinin doğma respublikaya xarici valyutaların daxil olması sayəsində milli valyutanın sabitliyinin qorunub saxlanmasına yardım etmiş olarıq.

Azərbaycan diasporu bütün dünyada Made in Azerbaijan ticarət markasının tanınmasında əsas hərəkətverici qüvvə olmalıdır. Belə brendlə mallar bütün yeni ölkələri və bazarları fəth etməlidir. Dünyanın bir çox ölkələrində Made in Azerbaijan brendi altında mağazalar açılmalı, Azərbaycandan kənarda çalışan hər bir azərbaycanlı iş adamı isə öz ticarət mərkəzində, mağazasında, kafesində azərbaycan məhsullarının satışı üçün ayrıca guşələr yaratmalıdır. Unutmaq lazım deyil ki, erməni iş adamları məhz belə edirlər və çalışırlar ki, öz mağaza və restoranlarında satılan malların içərisində daha çox Ermənistanda istehsal olunmuş məhsullar olsun.

Son illər Azərbaycan hökuməti ölkənin xarici faktorlardan asılılığı azaltmaq üçün qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırır. Bu məqsədlə respublikada biznes mühiti yaxşılaşdırılır, sahibkarların qarşısındakı bürokratik maneələr maksimum dərəcədə azaldılır. Bunların sayəsində də bu gün Azərbaycanda  xarici bazarlar üçün nəzərdə tutulmuş keyfiyyətli məhsul istehsal edən güclü şirkətlər formalaşıb. Son iki ildə qeyri-neft sektorunda ixracyönümlü məhsul istehsalı əhəmiyyətli dərəcədə artıb. Buna görə də Prezident İlham Əliyevin yuxarıda adı çəkilən və Azərbaycan məhsullarının ixracını təşviq edən fərmanı tarixi əhəmiyyətə malikdir. Çünki, bu sənəd xarici bazarlar üçün məhsul istehsalını artırmaq məqsədilə iqtisadiyyatın qeyri-neft sektorunda malların ixracatçılarına geniş dövlət dəstəyini nəzərdə tutur. Bu isə mövcud xarici bazarlarda Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirəcək, azərbaycan mallarının tədarükü üçün yeni ölkələr və yeni bazarlar açacaq.  Buna görə mən əminəm ki, Made in Azerbaijan brendi altında respublikamızı layiqincə təmsil edən mallar tezliklə bir çox ölkələrdə satış rəflərində görünəcək.

Xatırlatmaq istəyirəm ki, bu gün Azərbaycanın qeyri-neft sektorundakı ixracında əsas yeri kənd təsərrüfatı və qida sənayesi məhsulları tutur. Bu mallar hal-hazırda Rusiya, Türkiyə və bəzi Avropa ölkələrinin supermarketlərində və mağazalarında uğurla istehlak edilir. Bununla belə yüksək rəqabət şəraitində azərbaycan istehsalçıları tərəfindən yeni istehlak bazarlarının tutulması olduqca çətindir. Xarici bazarlara çıxmaq üçün ixracatçılarımıza ilkin mərhələdə dövlətin maliyyə, informasiya və hüquqi dəstəyi lazımdır. Azərbaycan istehsalçılarının maraqlarının xarici ölkələrdə lobbiçiliyini dövlət ən yüksək səviyyədə həyata keçirməlidir.

Sözsüz ki, azərbaycan istehsalçılarına çoxmilyonluq diasporumuzun da dəstəyi lazımdır. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun intensiv inkişafı üzrə Azərbaycan Prezidenti İlham Əliyevin proqramının uğurla reallaşmasına bizim geniş dəstəyimiz kömək edə bilər. Yalnız iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı respublikamızda işsizlik problemini həll etməyə və əhalinin həyat səviyyəsini artırmağa, bununla da bir çox həmvətənlərimizin vətənə qayıtmasına səbəb ola bilər.  Axı bu gün Rusiyada, Ukraynada, Türkiyədə və digər mərkəzi və şimali Avropa ölkələrində çalışan azərbaycanlıların mütləq əksəriyyəti məhz iqtisadi dolanışıq səbəbindən doğma ölkələrini tərk ediblər.

Bununla yanaşı doğma Azərbaycandan kənarda olan əksər həmvətənlərimiz Azərbaycanla olduqları, yaşadıqları, işlədikləri ölkələr arasında körpü qurmağa cəhd edirlər. Beləliklə də azərbaycan diasporu dünyanın bir çox ölkələrində Azərbaycanın maraqlarını uğurla təmsil edir. Son illərdə isə bizim diaspor təşkilatlarımız ölkələrimiz arasında mədəni və humanitar əlaqələrin qurulmasında böyük rol oynamağa başlayıblar. Onlar həmçinin Azərbaycanın digər ölkələrlə ticarət-iqtisadi münasibətlərinin möhkəmləndiriməsində fəal iştirak edərək respublikamızın iqtisadiyyatına xarici sərmayənin cəlb olunmasına kömək edirlər. Bütün bunlar azərbaycan iqtisadiyyatına xarici sərmayələrin cəlb olunmasında və Azərbaycanın maraqlarının beynəlxalq səviyyədə himayə olunmasında azərbaycan diasporunun artan rolunu göstərir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vaxtilə azərbaycan diasporunu ‘’millətin qanadları’’ adlandırmışdı. Düşünürəm ki, biz – azərbaycan diasporunun nümayəndələri öz məhsullarını bütün dünyaya yaymaq üçün azərbaycan istehsalçılarına hərtərəfli dəstək verməklə bir daha bu yüksək etimadı doğrultmalıyıq.

Fizuli Məmməd oğlu Məmmədov

Beynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı” nın prezidenti,

”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri