İtaliya vətəndaşı Azərbaycan hökuməti və xalqından üzr istədi

İtaliya vətəndaşı Culiyano Bifolki Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının “Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Azunion.org-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məktubunda o, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də qanun və qaydalarına tam hörmət etdiyini bildirərək, Ermənistan vasitəsilə ölkəmizin ərazilərinə səfərinin niyyətli olmadığını qeyd edib.

C.Bifolki Azərbaycanın ərazilərinə səfərinin bu bölgədə yaradılan və uzunmüddətli münaqişənin nəticəsindən başqa bir şey olmayan qanunsuz rejimin təşviqinə heç bir halda xidmət etmədiyini müraciətində xüsusilə vurğulayıb. Azərbaycan hökumətindən və xalqından icazəsiz səfərinə görə üzr istəyən C.Bifolki gələcəkdə belə səfərlərdən çəkinəcəyini, adının “Arzuolunmaz şəxslərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

C.Bifolkinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.